Konstantin Kalaçev: “İki stulda oturmaq çətindir, üstəlik...”

Rusiyalı politoloq Konstantin Kalaçev Azərbaycanla Ermənistan arasında gedən müharibə ilə bağlı bildirib ki, Moskva hələ də vasitəçi mövqeyinin ona manevr imkanı verəcəyinə ümid edir və ermənilərə tam kömək etməyə hazır deyil.

"Putin tərəf tutmaq istəmir, amma, "İki stulda oturmaq çətindir",- deyən Konstantin Kalaçev bildirib ki, hazırkı müharibə Azərbaycanın mövqelərini, eləcə də Türkiyənin Qafqazdakı rolunu gücləndirir: "Müharibənin yaxın gələcəkdə başlayacağını bir il əvvəl demişdim. Müzakirə proseslərinin uğursuzluğu, Ermənistandakı hakimiyyət dəyişikliyi, Azərbaycan Ordusunun döyüş hazırlığının artması, Türkiyənin mövqeyi - bunların hamısı Azərbaycan hakimiyyətinin hərəkətə keçməli, Ermənistanı güzəştə getməyə məcbur etməli və vəziyyəti öz xeyrinə dəyişməyə çalışmalı olduğunu diqtə edirdi. “Torpaq müqabilində sülh” - yaxın tarixdə artıq mövcud olan bir düsturdur”.

K.Kalaçevə görə, Azərbaycan üçün bu günə qədər hər şey kifayət qədər uğurla inkişaf edir və bu, yalnız Türkiyə istehsalı olan dronların sayəsində deyil: “Erməni tərəfinin mövqeyini həm də müttəfiqini və ya ortağını itirmək istəməyən Rusiyanın mövqeyi çətinləşdirir. Bu müharibə hələ də Əliyevin mövqelərini, eləcə də Ərdoğanın Qafqazdakı rolunu gücləndirir. Ancaq müharibə uzansa, qış qapıdan girsə, vəziyyət dəyişə bilər. Düşünürəm ki, əsas şey vaxtında dayanmaq olmalı olan zamanın müəyyənlədirilməsidir. Ancaq hələlik belə bir istək yoxdur”.

Politoloq hesab edir ki, atəşkəs səylərinin nəticə verməməsinin arxasında həm müvəffəqiyyətdən həvəslənmə, həm də ayıq, dəqiq bir siyasi hesablama dayan bilər: “Çünki Moskva hələ də vasitəçi mövqeyinin ona manevr etmək imkanı verəcəyinə ümid edir və ermənilərə tam kömək etməyə hazır deyil. Ermənipərəst ekspertlər indi hamını inandırırlar ki, Rusiyanın mövcud vəziyyətdə ən azı Azərbaycana təsirini qorumaq ümidləri mənasızdır. Onların fikrincə, Azərbaycan artıq tam olaraq Türkiyənin təsir dairəsindədir və onu geri qaytarmağın tək şansı - Azərbaycan Ordusunun uğursuzluğa düçar olması və status-kvonun bərpasıdır. Azərbaycan tərəfində olan ekspertlər isə «Kazan düsturu» haqqında yazırlar, baxmayaraq ki, Azərbaycanın yalnız Qarabağa bitişik olan bufer bölgələrin geri qaytarılması ilə kifayətlənməyəcəyini hamımız gözəl anlayırıq”.

“Bölgədə Türkiyənin nüfuzu artdıqca Rusiyanın nüfuzu zəifləyir. Rusiya rəhbərliyini indi çətin bir qərar gözləyir, çünki Qarabağdakı ermənilərin məğlubiyyətinə imkan vermək, onlara görə, həm Ermənistanı, həm də Azərbaycanı itirmək deməkdir. Bəzi həmkarlarım ümidlərini Rusiya və Türkiyə rəhbərliyi arasındakı birbaşa təmaslara bağlayır və Qafqaz problemlərinin həllində Türkiyənin simasında yeni bir ortağın tapılmasına çağırırlar. Ancaq başa düşürük ki, hardasa nəsə artırsa, deməli, digər yerdə azalır. Odur ki, hələ Rusiyaya sülh çağırışı, danışıqların bərpası, cəbhədə vəziyyətin necə inkişaf etdiyini izləmək qalır, habelə vasitəçilik və sülhməramlılığın tələb olunacağına ümid edir”, - analitik vurğulayıb.

Politoloq Moskva-Ankara münasibətlərdən danışaraq bildirib ki, Türkiyə ilə əbədi müttəfiqlik ümidləri Rusiya üçün illüziyadır, ancaq mövcud situasiya tərəfdaşlığın mümkün olduğunu göstərir: ““Win-Win” prinsipi ilə əməkdaşlıq realdır. Daxili publika üçün hər kəsin real və ya həqiqət kimi qələmə verilən bir uğura ehtiyacı var. Bu halda ən çətin vəziyyətdə Ermənistanın qalacağını söyləsəm, yanılmaram. Rusiya üçün əsas sual budur: Bu münaqişə zamanı həm Azərbaycan, həm də Ermənistanla münasibətləri korlamamaq mümkündürmü? Aydındır ki, hər iki ölkənin rəhbərliyi Rusiyadan onlara bir növ dəstək verməsini istəyir”.

Politoloq əlavə edib ki, Putin tərəflərdən birinin lehinə münaqişəyə müdaxilə etmək istəmir, adi diplomatiya və danışıqlar alətindən istifadə etmək arzusundadır: “Ancaq eyni çaya iki dəfə girə bilməzsən. Münaqişənin əvvəlki şərtlərlə dondurulması real deyil. Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətləri var və Moskvanın KTMT-dəki öhdəlikləri Dağlıq Qarabağa aid deyil. Beləliklə, Putin nə Ermənistan, nə də Azərbaycanla münasibətləri korlamaq fikrindədir. Bəs İrəvan və Bakı onu başa düşəcəkmi? Axı, bu dəfə hər şey 1994-cü ildən çox fərqlidir. İki stulda oturmaq çətindir, üstəlik, Türkiyənin rolunun bu qədər gücləndiyi belə bir vaxtda”.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə