Görkəmli numizmat-professor YEVGENİ PAXOMOVUN vəfatından 55 il ötür - Alimlərlə söhbət

5 may 2020-ci ildə Cənubi Qafqazın tarixi, arxeologiyası, numizmatikası, mənbəəşünaslığı, genealogiyasına həsr olunmuş 80-dən artıq elmi əsərin müəllifi, Azərbaycan numizmatika elminin banisi, AEA-nın müxbir üzvü, t.e.d., professor Yevgeni Aleksandroviç Paxomovun (1880 - 1965) vəfatının 55 ili tamam olur.

Bu tanınmış həyat yolu və elmi fəaliyyəti daim numizmatların marağını cəlb edir. Bu münasibətlə respublikamızda numizmatika elmini tədris və təbliğ edən alim və mütəxəssislərlə - AMEA Milli Azərbaycan Tarixi Muzeyinin «Numizmatika və epiqrafika» elmi-fond şöbəsinin b.e.i., t.ü.f.d. Aygün Məmmədova, Bakı Dövlət Universitetinin “Arxeologiya və etnoqrafiya” fakültəsinin baş müəllimi, t.ü.f.d., dosent Qənirə Pirquliyeva və Lənkəran Dövlət Universitetinin baş müəllimi, t.ü.f.d. Mayis Cəfərovla müsahibəmizi təqdim edirik.

Cabir Məmmədov: - Hörmətli alimlərimiz! Sizi salamlayıram və ilk əvvəl bu günkü müsahibəmizin məqsədini qeyd etmək istəyirəm.
Məlum olduğu kimi, bu gün görkəmli numizmat-alim Yevgeni Paxomovun anım günüdür. Hazırkı dövrümüzdə pandemiya şəraitində olsa da, bu alimi yad etməyi, onun irsini təbliğ etməyi zəruri bilirik.
Aygün xanım! Professor Paxomovun çalışdığı Tarix Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsində Yevgeni Paxomovun ardıcılı olan numizmat-professor, tarix elmləri doktoru Əli Rəcəblinin rəhbərliyi ilə hazırda siz böyük elmi işçi olaraq fəaliyyət göstərirsiniz. Zəhmət olmasa, alim Yevgeni Paxomov, şöbənin yaranma tarixi barədə məlumat verin.

Aygün Məmmədova: – Təşəkkür edirəm ki, belə bir aktual mövzunu işıqlandırırsınız. Görkəmli numizmat-alim Yevgeni Paxomovun elmi irsi daim numizmatların diqqət mərkəzindədir. Çünki məhz bu alim Azərbaycan numizmatikasının əsaslarını hazırlamışdır. Onun həyat və yaradıcılığı barədə məlumat vermək istərdim…
25 fevral 1880-ci ildə Qafqaz Stavropolu (indiki Stavropol) şəhərində dünyaya gəlmiş Yevgeni Paxomov, sonradan ailəsi ilə Gürcüstana köçmüşdür. O, Tiflis şəhərində orta təhsil (1896-cı il), Sankt-Peterburq Arxeologiya İnstitutu (1900-cü il) və Texnoloji İnstitutunda (1902-ci il) isə ali təhsilini almışdır.
Həvəskar olaraq numizmatika elminə ilk addımlarını atan Paxomovun 1902-1916-cı illərdə Cənubi Qafqaz Aksiz İdarəsində mühəndis-texnoloq vəzifəsində fəaliyyət göstərməsi, onun numizmatika elmi üzrə təcrübə toplamasına və savadlı mütəxəssis olmasına xidmət etmişdir. Məhz bu dövrdə o, Cənubi Qafqazın müxtəlif guşələrinə ezam olunaraq, qədim abidələri tədqiq etmiş, xüsusən də Tiflis şəhərindəki Qafqaz Muzeyi ilə aktiv əməkdaşlıq etmişdir.
Məlumdur ki, humanitar fənn olan numizmatika elminin bilicisi olmaq üçün təcrübə və dil biliyi vacibdir. Avropa dilləri ilə bahəm gürcü, erməni, ərəb, fars və türk dillərini bilən Paxomov, paleoqrafiya, mənbəəşünaslıq, iqtisadiyyat tarixi, tarixi coğrafiya və topoqrafiya, həmçinin xüsusi metodik bacarıqlara istinadən işlədiyi əsərlərində bir sıra muzeylərdə və şəxsi kolleksiyalarda qorunan sikkələri tədqiq etmişdir.

Cabir Məmmədov: Alimin ilk əsəri nə zaman nəşr edilmişdir?

Aygün Məmmədova: 1907-ci ildə “Gürcüstan sikkələri” adlı ilk ətraflı məqaləsini tamamlayan alim, 1910-cu ildə eyniadlı ilk kitabının I cildini Sankt-Peterburqda nəşr etdirmişdir (əsər 1911-ci ildə İmperator Rusiyası Arxeoloji Cəmiyyətinin gümüş medalına layiq görülmüşdür). Sonra isə qeyd edilən əsərin II cildi nəşr etdirən alim, tanınmış Rusiya numizmatları (A.K.Markov, A.V.Oreşnikov, İ.A.Cavaxov) ilə əməkdaşlıq edərək elmi-tədqiqat fəaliyyətini davam etdirmişdir. Paxomov ümumilikdə 80-dən artıq əsərin müəllifi olmuşdur.

Cabir Məmmədov: Yevgeni Paxomovun Qafqaz cəbhəsi ordusunda hərbi mühəndis qismində xidmət etməsi barədə qeyd vardır…

Aygün Məmmədova: Haqlısınız… Yevgeni Paxomov 1915-ci ildə Ərzurum hərbi rayonunda məskunlaşmış, I Dünya müharibəsi dövründə Qafqaz cəbhəsi ordusunda hərbi mühəndis qismində xidmət edərək 1916-1918-ci illərdə Kars-Ərdəhan-Ərzurum strateji dəmiryol xəttinin inşaatında iştirak etmişdir.
Cabir Məmmədov: Çox sağ olun Aygün xanım. Yevgeni Paxomov 1919-cu ildən Bakı şəhərinə köçərək, ömrünün sonunadək Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət Universitetində (indiki BDU) elmi-pedaqoji fəaliyyət göstərmişdir. Bu barədə Qənirə xanımın fikirləri maraqlıdır. Buyurun.
Qənirə Pirquliyeva: Mən də görkəmli alimi yad etdiyiniz üçün sizə təşəkkür edirəm. Dünya numizmatlarının istinadlandığı, Şərq numizmatikası üzrə mütəxəssis Yevgeni Paxomov öz əsərində qeyd edir ki, 1918-1919-cu illərdə professor N.A.Zimindən 30-a qədər sikkəni təhvil almış və ilk dəfə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Numizmatik kabinə yaratmışdır.
Yevgeni Paxomov universitetin Elmi Şurasının üzvü idi və “Azərbaycan tarixi”, “Şərq numizmatikası və arxeologiyası” kursları üzrə mühazirələr edirdi.
Ellin, Roma, Sasanilər, İslam sülalələri, Avropa, Cənubi Qafqaz sikkələrindən ibarət olan ilk sikkə kolleksiyası haqqında bilikləri tələbələrə aşılayan alim, daim numizmatik maariflənməni təbliğ etmişdir.
1922-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin “Arxeologiya və numizmatika” kafedrasının müdiri vəzifəsində çalışan Paxomov, 1941-ci ildə dosent, 1947-ci ildə professor adına layiq görülmüşdür.
1946-cı ildə doktorluq dissertasiyasını müdafiə edən alim “Şərəf” nişanına, ASSR əməkdar elm xadimi (1955) adına layiq görülmüş, 1962-ci ildə ASSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Cabir Məmmədov: Paxomov həm Azərbaycan, həm də Rusiyanın müxtəlif guşələrinə səfərlər, elmi ezamiyyətlər etmişdir…​

Qənirə Pirquliyeva: Bəli, o həyatı boyu çoxsaylı arxeoloji ekspedisiyalarda (Gəncə, Mingəçevir, Mil düzü, Beyləqan) iştirak edərək, Qafqaz numizmatikasına aid 100-ə yaxın məqalə, tezis və d. elmi əsərlərində regionun pəhləvi və ərəb qrafikalı epiqrafikasını, orta əsrlərə aid memarlıq və arxeoloji abidələrinin ilkin tədqiqatçısı olmuşdur. O, Moskva və Leninqrad muzeylərinə ezam edilərək “Azərbaycanşünaslıq materialları” toplamışdır.
Cabir Məmmədov: Aygün xanım! Alimin ötən əsrdə Tarix Muzeyindəki fəaliyyəti barədə məlumat verin zəhmət olmasa…

Aygün Məmmədova: 1933-1965-ci illərdə SSRİ EA Azərbaycan filialının üzvü olan alim, daha sonralar EA-nın Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun həqiqi üzvü seçilmiş, “Azərbaycan sikkələri” toplularını (1959; 1963) nəşr etdirmişdir.
1960 və 1965-ci illərdə ASSR Ali Soveti Prezidiumun qərarı ilə fəxri fərmanlara layiq görülən Yevgeni Paxomovun əsərlərində Cənubi Qafqazın tarixi və tarixi coğrafiyasının pəhləvi və ərəb qrafikalı arxeoloji obyektləri, o sıradan Azərbaycanın Abşeron, Bərdə, Naxçıvan MR-nın tarix-memarlıq abidələri tədqiq edilmişdir.
Azərbaycan abidələrinin ilkin araşdırıcısı olmuş Paxomov, fəal muzey işçisi idi. O, 1920-ci ildən Azərbaycan Tarixi Muzeyində ekspozisiyanın təşkilində, təbliğində iştirak edərək, Numizmatika Fondunu yaradılması və sikkə vahidlərinin artırılmasında yorulmaz fəaliyyəti ilə fərqlənmişdir.
1922-ci ildə o, muzeyin Tarix və Etnoqrafiya şöbəsinin müdiri, sonralar isə Numizmatika Fondunun müdiri təyin edilmişdir. Bu alim daim muzeydəki numizmatik kolleksiyanın sayını artırmışdır. Onun şəxsi əlyazmaları olan sənədlər, sikkə məlumatlarının qeyd edildiyi vərəqələr və d. mühüm yadigarlar hazırda Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunur. Muzeyin foyesində alimin fotosu nümayiş etdirilir.

Cabir Məmmədov: Bildiyimiz kimi numizmatika fənni yalnız Bakı şəhərində deyil, regionlarda da tədris edilir. Mayis müəllim hazırda Lənkəran Dövlət Universitetində Numizmatika fənnini tədris edir. Buyurun, sizin də Paxomov barədə fikirlərinizi bilmək maraqlıdır.

Mayis Cəfərov: Çox sağ olun. Həmkarlarımın da qeydlərində deyildiyi kimi, Paxomovun elmi irsi daim maraq kəsb edir.
Mən xüsusilə onun müəllifi olduğu, 1926-1966-cı illərdə zəngin topoqrafik məlumatlarla zəngin olan “Azərbaycan və Qafqazın digər rayon və vilayətlərinin sikkə dəfinələri” adlı 9 cildli topluları qeyd etmək istəyirəm. Bu topluların əhəmiyyəti ondadır ki, geniş ərazili Qafqaz regionunda aşkarlanmış 2159 ədəd sikkə dəfinəsi və təksaylı sikkələrin təyinatı məhz burada təqdim edilmişdir. Məhz bu toplulara əsasən alim 1946-cı ildə elmlər namizədi deyil, elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Tarix Muzeyinin şöbə müdiri, t.ü.e.d., professor Əli Rəcəblinin müəllifliyi və muzeyin Numizmatika şöbəsi əməkdaşlarının zəhməti ilə bu toplular cəmləşdirilib bir kitab halında ötən il nəşr edilmişdir. Bu çox təqdirəlayiq haldır. Biz tədris prosesində alimin bu əsərlərini ilkin mənbə kimi, onun ardıcılı olan professor Əli Rəcəblinin əsərlərini isə müasir vəsait olaraq təqdim edirik.
Professor Paxomovun müəllifiliyi ilə Azərbaycan tarixinin müxtəlif məqamları broşürlərdə, ayrıca nüsxə olaraq çar edilmişdir. 1923-cü ildə “Azərbaycan tarixinin qısa icmalı”, 1940-cı ildə “Azərbaycan tarixi üzrə mənbələrin icmalı” əsərlərində o, yunan, Roma və Bizans mənbələrinə istinadlanmış, həmçinin ikicildlik“Azərbaycan tarixi üzrə icmallar” (1941; 1945) və “Azərbaycan tarixi” əsərinin (1958) tərtibatçısı olmuşdur.

Cabir Məmmədov: Çox sağ olun Mayis müəllim. Məlumdur ki, Paxomovun əsərləri rus dilində çap edilmişdi və digər xarici dildə əsəri yox idi. Lakin buna baxmayaraq, xarici tədqiqatçılar ona istinad ediblər və etməkdə davam edirlər... Bu göstərici alimin əsərlərinin aktuallığını bildirir...

Aygün xanım! Hörmətli alimimiz, Tarix Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin müdiri, professor-numizmat Əli Rəcəbli hazırda 92 yaşındadır. O, Paxomovun rəhbərliyi ilə yeganə azərbaycanlı olaraq ilk numizmatik dissertasiyanı müdafiə etmişdir. Bu barədə məlumat verin...

Aygün Məmmədova: Bəli, doğru vurğuladınız. Yevgeni Paxomov Azərbaycan numizmatikasının inkişafı barədə düşünmüş və təbii ki, özünün yetirməsi və davamçısı olmağın zəruriliyini anlamışdır.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) yalnız tarix fakültəsi deyil, digər fakültələrinin, o sıradan şərqşünaslıq fakültəsi tələbələrinin müdafiəyə təqdim olunan diplom işlərini nəzərdən keçirərkən Paoxomovun nəzərini həmin illərdə BDU-nun “Şərqşünaslıq” fakültəsinin tələbəsi olan Əli Məhəmməd oğlu Rəcəblinin müəllifi olduğu diplom işi cəlb etmişdir. Diplom işində mövzuya əsaslı yanaşma, dəqiq araşdırma bacarığına riayət edildiyinə diqqət yetirən Yevgeni Paxomov, bu tələbə ilə maraqlanır. O, Əli Rəcəblini Tarix Muzeyinə dəvət etmişdir… Paxomovun düzgün seçimini zaman da sübut etmişdir.
1963-cü ildə Yevgeni Paxomovun rəhbərliyi ilə azərbaycanlı alim olaraq numizmatika elmi üzrə namizədlik işini müdafiə edən Əli Rəcəbli müəlliminin yolunu layiqincə davam etdirir.
Öz ustadına sadiq olan Əli Rəcəbli illərlə Azərbaycan Tarixi Muzeyində topladığı təcrübə, savad sayəsində laborant vəzifəsindən şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir.


Əməkdar mədəniyyət işçisi, A.A.Bakıxanov adına mükafatın laureatı, t.ü.e.d., professor Əli Rəcəblinin rəhbərliyi ilə numizmatika üzrə üç namizədlik dissertasiyası müdafiə edilmiş, müəllifliyi ilə çoxsaylı xarici və yerli əsərlər çap edilmiş, milli numizmatika tapıntılarımızı özününküləşdirmək cəhdləri dəf edilmişdir. “Fədakar əməyinə görə” və “Tərəqqi” medalları ilə təltif olunan Əli müəllim 50 ildən artıq Bakı Dövlət Universitetində və digər tədris ocaqlarında pedaqoji fəaliyyət göstərmişdir. Əli müəllim, bir sıra muzeylərin (Lənkəran, Naxçıvan, Zaqatala) ekspozisiyasının təkmilləşdirilməsi işində iştirak etmiş, Azərbaycan numizmatikasının tədqiqi və təbliğinə layiqli töhfələrini bəxş etmişdir.
Paxomovu ciddi alim və “böyük qəlb sahibi” olaraq xatırlayan digər iki yetirməsi - D.Q.Kapanadze və İ.L.Calaqaniya isə Gürcüstan numizmatikasının tanınmış alimləri olmuşlar.
Məhz azərbaycanlı alim-numizmat, professor Əli Rəcəblinin əsaslı və cəsur məruzələri sayəsində bədxah niyyətli tədqiqatçıların milli sikkələrimizi özününküləşdirmək cəhdləri dəf edilmişdir.

Cabir Məmmədov: Bəli, virtual məkanda Əli müəllimin xarici konfransda etdiyi belə məruzələri izləyirik və fəxr edirik...
Qənirə xanım! Yevgeni Paxomova həsr edilmiş elmi tədqiqatlar barədə danışmağınızı istərdik...

Qənirə Pirquliyeva: Numizmat-alim Paxomov həyatının 65 ilini sikkə kolleksiyasını artırmağa sərf etmişdir. Onun şəxsi sikkə kolleksiyası vəfatından sonra 4 muzey (Bakı, Tbilisi, Moskva, Leninqrad) arasında paylanılmışdır.
Alimin yaradıcılığı 2005-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika Sektorunun elmi işçisi Teymur Quliyevin “Yevgeni Paxomov tədqiqatlarında Azərbaycan numizmatikası” və 2013-cü ildə həmin sektorun elmi işçisi Məsudə Vəliyevanın “Xarici ölkə alimlərinin əsərlərində Azərbaycan numizmatikası” adlı namizədlik dissertasiya işlərində (İxtisas: arxeologiya) əks edilmiş və bu müəlliflər fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşlər. Hazırkı dövrümüzdə həm xarici, həm də milli tədqiqatçıların əsərlərində Yevgeni Paxomovun fikirlərinə istinad edilir. Bunu həm virtual, həm də nəşr şəklində olan əsərlərdə müşahidə edirik.

Cabir Məmmədov: Son sözü mən Aygün xanıma təqdim etmək istərdim. Müasir dövrümüzdə alimdən miras qalan Numizmatika Fondunda hansı yeniliklər var?

Aygün Məmmədova: Zəngin elmi baxışlar, sikkə zərbi, pul təsərrüfatı ilə əlaqədar problemlərin dərin anlayışı və geniş numizmatik material Yevgeni Paxomov əsərlərini fərqləndirən cəhətlərdəndir.
Müasir dövrümüzdə Şərq numizmatikası tədqiqatçılarının diqqətində olan Paxomovun əsərlərinin əlyazmaları, alimin əks edildiyi fotolar, şəxsi sənədləri və d. materiallar Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında və Sankt-Peterburqdakı Dövlət Ermitajında saxlanılır.
Paxomovdan miras qalmış AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda hazırda 100 minədək sikkə vahidi qorunur. Müasir tələblərə müvafiq olaraq hazırda fond materiallarının elektronlaşdırılması işi davam etdirilir. Müntəzəm olaraq, muzeyə müraciət edən tədqiqatçılara, ayrı-ayrı şəxslərə numizmatik təyinatla bağlı müvafiq məsləhətlər və etik qanunlar təbliğ edilir.
Muzeyin direktoru, hörmətli akademik Nailə Vəlixanlının rəhbərliyi, muzeyin “Numizmatika və epiqrafika” şöbəsinin müdiri, professor Əli Rəcəbli və şöbə əməkdaşlarının fəaliyyəti sayəsində istər muzeydə olan mədəni tədbirlərdə, istərsə də çap edilən əsərlərdə numizmatik materiallar işıqlandırılır, virtual məkanda olan yanlışlıqlara cavab verilir, problemlərin həllinə çalışılır və müvafiq təkliflər nəzərə alınır.

Cabir Məmmədov: Hörmətli alimlərimiz! Müsahibədə iştirak edərək, dəyərli fikirlərinizlə bölüşdüyünüz üçün sizə təşəkkür edirəm. Gələcək işlərinizdə uğurlar arzulayıram.

Müsahibəni hazırladı: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə