"Hazırki vəziyyətdə sosial məsuliyyət çoxşahəli olmalıdır" SOSİOLOQ RƏYİ-ÖZƏL

“Hazırki dönəmdə ölkəmizdə koronavirus pandemiyasına qarşı görülən tədbirlərdə öz sosial məsuliyyətini anlamalı və onları yerinə yetirməlidir. Vətəndaşlarımız bilməlidir ki, onların məsuliyyətsilziyi nəticəsində tək özləri deyil, 100-lərlə digər insanların virusa yoluxmasına səbəb ola bilir”. Bu fikirləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, koronavirus infeksiyası ilə bağlı risk etmək formulu işləmir: “Heç kim deyə bilməz ki can mənimdir özüm bilərəm. Hətta körpə uşaq belə infeksiyanı bütün dünyaya yaymaq potensialına malikdir. Ona görə də hər birimiz məsuliyyətli olmalı, yalnız özümüzü, deyil bütün insanlığı düşünməliyik”.

Sosioloq söyləyib ki, pandemiyanın qarşısının alınması istiqamətində atılan addımları yalnız hökumətdən gözləməməliyik: “Dövlətimiz öz üzərinə düşən bütün lazımi addımları atır. Bəs bizim adət-ənənələrimiz? Bizim orta əsrlərə aid filmlərimizə baxanda orada insanların biri-birinə necə yardım etdiyini, əl tutduğunu görürük. Bununla yanaşı hər kəs öz yaxınını, qohumunu, qonşusuna çətin vaxtlarda kömək edirdi. Hazırki məqamda biz çalışmalıyıq ki, bu işdə həm dövlətin potensialı hərəkətə gəlsin, həm də əhali tərəfindən təşəbbüslər irəli sürülsün”.

Koronavirusun çox ağır bir bəla olduğunu deyən Ə. Qəşəmoğlu vurğulayıb ki, hər gün dünyada virusla bağlı sarsıdıcı proseslərin baş verdiyini görürük: “Bu baxımdan Azərbaycanda vəziyyətin daha da kritikləşməməsi üçün verilən tapşırıqlara əməl etməliyik. Düzdür, sosial ehtiyacı olan günəmuzd çalışan insanlar da var ki, onlar bu qaydaları pozaraq ailələri üçün pul qazanmaq istəyirlər. Biz onların məsuliyyətini dövlətin üzərinə atmamalıyıq. Hər kəs imkanı daxilində belə ailələrə kömək etməlidir. Sosial məsuliyyət çoxşahəli olmalıdır”.

Sosioloq qeyd edib ki, 65 yaşından yuxarı olanların evdən çıxmasına qadağa qoyulduğunu nəzərə alaraq onlara xüsusilə yardım etmək vacibdir: “Qohumlar, qonşular, yaxınlar bu yaş kateqoriyasına daxil olanları diqqətdə saxlamalı, onların hazırkı məqamda qorumalıdırlar: “Yaşlılara yardım etmək həm adət-ənənələrimiz, həm də müsəlman olaraq dini kitabımızda var. Ən azından gənclər yaşlıların əhvalını soruşmalı, köməyə ehtiyacı olanlara maddi və ya mənəvi yardım etməlidirlər. Bir sözlə çətin məqamda əl-ələ, həmrəy olub bəlaya qarşı mübarizə aparmalıyıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə