Azərbaycan İtaliya, Fransa və Pakistandan hərbi vasitələr alacaq AÇIQLAMA

"İlin sonuna qədər İtaliyadan, Fransadan, Pakistandan və digər ölkələrdən də bizim yeni döyüş təyyarələrimiz gəlməyə davam edəcək". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Azərbaycanın İtaliyadan altığı hərbi təyyarələrin üstünlüklərindən danışarkən deyib.

O bildirib ki, həmin təyyarələrlə bağlı xeyli müddət idi ki, tərəflər danışıqlar aparırdı: "Azərbaycan Prezidentinin İtaliyaya səfəri zamanı Azərbaycan ilə İtaliya arasında sənəd imzalanıb və həmin sənədə əsasən Azərbaycan İtaliyadan silahlı qüvvələrimiz üçün yeni təyyarələr aldı. Bu təyyarələrlə bağlı xeyli müddət idi ki, danışıqlar aparılırdı. Azərbaycanın Müdafiə Nazirliyi ilə İtaliya şirkətinin rəhbərləri arasında artıq müqavilə də imzalanıb.

Bizim əsas şikayətimiz köhnə, SSRİ-dən qalma sovetlər texnikası idi. Lakin indi yavaş-yavaş digər sahələrdə olduğu kimi hərbi hava qüvvələrində də müəyyən yeniliklər həyata keçiririk. Azərbaycan bu məsələlərdə son illər çox böyük uğurlara imza atıb. Mən bu istiqamətdə, Azərbaycanın öz hərbi hava qüvvələrini bir qədər də mükəmməlləşdirməsinin tərəfdarıyam".

Ekspert həmin hərbi təyyarələrin üstünlüklərindən də danışıb: "Azərbaycanın İtaliyadan aldığı hərbi təyyarələr Azərbaycanın müdafiə qabiliyyətini bir az da artıracaq. Ona görə ki, bu təyyarələr 21-ci əsrin tələblərinə cavab verir. Eyni zamanda çox ölkələrin hərbi cəhətdən arzuladığı vasitələrdir. Avadanlıqlar artıq Azərbaycana gətirilib. Bu təyyarələr həm təlim təyyarələri, həm də döyüş təyyarələridir. Biz onlardan çox rahat şəkildə pilotlarımızın döyüş hazırlığı üçün istifadə edə bilərik ki, artıq edirik. "M-346"lar çox mobildirlər. Biz onlardan hətta dağlıq ərazilərdə, çətin relyef şəraiti olan ərazilərdə də istifadə edə bilərik. Məhz buna görə də Azərbaycan bu təyyarələrə üstünlük verib. Azərbaycan bu il hələ başqa qərb ölkələrindən də yeni avadanlıq və texnika alacaq. Azərbaycan Müdafiə Nazirliyi ilə İtaliya şirkəti arasında bağlanan müqavilənin hələ davamı olacaq".

Üzeyir Cəfərov vurğulayıb ki, təyyarələrdən həm təlim məqsədilə, həm də döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı Dağlıq Qarabağın istənilən ərazisində çox rahat istifadə edə bilərik: "Azərbaycanla İtaliya arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də artıq çox sıx münasibətlər var. Bu münasibətlərin də bariz nümunəsi kimi "M-346" təyyarəsinin alınmasına dair sənədin imzanlanmasıdır. Hansı ki sənəd artıq qüvvəyə minib və real tətbiqinə başlayıb. Hadisələri qabaqlayaraq demək istəyirəm ki, ilin sonuna qədər İtaliyadan, Fransadan, Pakistandan və digər ölkələrdən də bizim yeni döyüş təyyarələrimiz və avadanlıqlarımız gəlməkdə davam edəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə