Nazir Əsədov: “Bizim faciəmiz fakt olsa da onu qəbul etmək istəməyən qüvvələr var”- MÜSAHİBƏ (SƏS TV)

Nazir Əsədov: “Bizim faciəmiz fakt olsa da onu qəbul etmək istəməyən qüvvələr var”- MÜSAHİBƏ (SƏS TV)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Nazir Əsədovun SİA-ya müsahibəsi:
- Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən biri 1918-cilin 31 mart tarixində törədilən mart soyqırımıdır. Bu faciə ilə bağlı nə deyə bilərsiniz?

- 1918-ci il 31 mart tarixi Azərbaycan xalqı üçün çox hüznlü bir gündür. Həmin gün baş verən hadisənin kökləri çox əvvəllərə gedir. Bu hadisənin 1918-ci ildə törədilməsi də təsadüfi deyildi. Belə ki, ermənilərin azərbaycanlılara, ümumiyyətlə, türklərə qarşı düşmənçiliyi XIX əsrin ikinci yarısına təsadüf edir. Bu hadisələr ermənilərin böyük Ermənistan yaratmaq iddiasından sonra baş verməyə başladı. Həmin vaxtdan başlayaraq böyük, Avropa dövlətlərinin, o cümlədən də Rusiyanın himayəsinə arxalanan erməni quldurları özlərinin siyasi dərnəklərini, tədqiqatlarını yaymağa başlayırlar.

Eyni zamanda həmin siyasi partiyaların dərnəkləri özlərinə məxsus proqram və nizamnamə qəbul edirdi ki, həmin nizamnamələrin əsas qayəsini azərbaycanlılara, türklərə qarşı qırğınların törədilməsi, tarixdə olmayan bir məsələnin gerçəkləşdirilməsi öz əksini tapırdı. Ermənilərin vətəni olmadığı üçün onlar Cənubi Qafqazda zəiflik, boşluq hiss etdiklərinə görə bu ərazidə özlərinə tarixi ərazi yaratmaq meylinə düşmüşdülər. Onlar bu məsələdə Rusiyaya arxalanırdılar. Ermənilər XIX əsrin sonlarında Türkiyə ərazilərində xeyli qanlı hadisələr, üsyanlar törədiblər. Qanlı üsyanlar törədən ermənilər o qədər hayasızlaşmışdılar ki, hətta özlərinin qanından olan vətəndaşlarını acınacaqlı şəkildə öldürərək bunun türklərin tərəfindən törədildiyini söyləyirdilər. Bununla da ermənilər arasında türklərə qarşı nifrət yaratmağa çalışırdılar. Həmin vaxtdan başlayaraq silahlı dəstələr yaranırdı. Nəhayət, ermənilərin məkirli siyasəti o dərəcəyə çatdı ki, Rusiyanın özü də ermənilər qarşısında çətin bir vəziyyətdə qaldı.

Lakin buna baxmayaraq ermənilər hələ də sakitləşmirdi. Nəticədə 1905-ci ildə azərbaycanlılara qarşı Bakıdan başlanan qırğın bütün Azərbaycana yayıldı. Ölkəmizin bütün ərazilərində silahlı ermənilər azərbaycanlılara qarşı qətliam törətmişdi ki, bu da görkəmli yazıçıların əsərlərində öz əksini tapıb.
Birinci dünya müharibəsi başlanan zaman da ermənilərin əlinə böyük bir fürsət düşmüşdü. Çünki Rusiyanın türklərə qarşı hərbi əməliyyatları başlamışdı. Ermənilər könüllü olaraq özləri üçün silahlı dəstələr yaradıb, ən mükəmməl silahlarla silahlanaraq Azərbaycan, türk əhalisinə qarşı mübarizəyə başladılar. Bu mübarizə təbiidir. Çünki azərbaycanlılarda silah yox idi. Lakin ermənilərin hər biri silah işlətməyi bacarırdı.
Nəticədə ermənilər 1918-ci ildə Azərbaycan üçün güclü təhlükəyə çevrilmişdi. Birinci dünya müharibəsi yekunlaşmaq üzrə idi. Rusiya müharibədən çıxırdı. Ermənilər həmin silahlı qüvvələrdən istifadə edərək Bakıya toplanırdı. Azərbaycanın, Bakının nefti nəinki ermənilərin gözünü qamaşdırıb iştahını artırırdı, eyni zamanda ermənilərin himayə etdiyi ölkələrin ciddi marağına səbəb olurdu. Bu maraqlar soyqırımına gətirib çıxardı.

- Soyqırımı ilə bağlı mövcud fakt və sənədlərin olduğu bir dövrdə Azərbaycanın 1918-ci il də baş verən hadisə ilə bağlı ermənilərin beynəlxalq məhkəməyə verməsi nə dərəcədə real ola bilər?

- Mart soyqırımı ilə bağlı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə komissiya yaradılmışdı. Həmin fövqəladə komissiya Şamaxıda, Bakıda, Qubada eləcə də digər yerlərdə olan sənədlər toplamışdı. Təxminən 20 cildlik bir əsər toplumu var. Həmin toplumlar bu gün Azərbaycanın arxivlərində həmin sənədlər qalır. Eyni zamanda onların əksəriyyəti nəşr olunub. Təbiidir ki, həmin sənədlər əsasında beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan xalqının bu gün haqqı var ki, beynəlxalq hüquq normaları əsasında ermənilərdən günahsız insanların axıdılan qanını tələb etsin. Bu, Azərbaycan xalqının bu gün də hüququ olaraq qalır. Mart soyqırımı ilə bağlı 1998-ci ilin martın 26-da ilk siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib.
Ermənilər təkcə o günlə kifayətlənməyiblər. Bu proses Sovet hakimiyyəti qurulana qədər davam edib. Bunların hamısı tarixdə var. Cinayət cinayət olaraq qalır. Hətta beynəlxalq təşkilatların özü də bu məsələdən xəbərdardır.

- Quba məzarlığını ermənilərin soyqırımı faktı kimi göstərmək olarmı?

- Əlbəttə olar. Bu faktdır. Bu insanlığa yaraşmayan bir hadisə soyqırımıdır. Soyqırımının mahiyyəti elə bundan ibarətdir. Bir nəfərin ölümünü soyqırımı kimi, qələmə vermək olmaz. Bu kütləvi bir hadisədir. Bunun əyani sübutu təkcə Quba məzarlığı deyil. Onunla yanaşı Bakı, Şamaxı da da var. Bu tarixdə var. Bu təkcə arxivlərdə deyil, qonşu ölkələrin də arxivlərində var. Rusiyanın arxivlərində İngiltərə əsərlərində bu məsələlərə toxunub.

- Nəyə görə əlimizdə bu qədər fakt ola-ola bəzi qüvvələr soyqırımını tanımaq istəmirlər?

- Sovet höküməti dövründə bu məsələlərin demək olar ki, üstü örtülmüşdü. Sovet hökümətinin siyasəti xalqların keçmişini unutdurmağa yönəlmişdi. Tarixi həqiqətdir ki, Sovet dövrünün özündə də ermənilər hökümətdən himayə gözləyirdi. O ki, qaldı sonrakı illərə Azərbaycan müstəqillik qazandıqdan sonra bu məsələ ilə bağlı işlər görülür. Soyqırımı dünya ictimaiyyətinə çatdırılır. Azərbaycan diasporu məsələ ilə bağlı bir sıra ölkələrdə mühüm işlər görür. Amma bir məsələ var ki, Avropa dövlətlərində Ermənistanla Azərbaycan münasibətlərində ikilistandartlılıq var. Bizim faciəmiz fakt olsa da onu qəbul etmək istəməyən qüvvələr var. Amma ermənin olmayan işini beynəlxalq ictimaiyyətə çatdırırlar. Ermənilərə qarşı belə bir hadisə törədilməyib. Əgər belə bir fakt varsa, o zaman tarixçilərdən ibarət beynəlxalq komissiya yaradılsın, məsələ araşdırılsın və buna birdəfəlik son qoyulsun.

Bizim əlimizdə faktlarımız olduğu üçün bu hadisələrin dünya müstəvisində tanınması üçün heç bir problemimiz yoxdur. Bu məsələlər daha da geniş təqdim olunmalı, toplular buraxılmalı dünya ictimaiyyətinə çatdırılmalıdır. Ermənilər 200-300 ildir ki, bu təbliğatı aparırlar. Lakin bizim təbliğatımız çox cavandır. Biz bu işə müstəqillik qazandıqdan sonra başlamışıq. Bu qısa bir məqamda böyük uğurlardan danışa bilmərik. Lakin zaman- zaman biz bunları dünya ictimaiyyətinə çatdırmalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə