Ombudsman Avstriyanın ölkəmizdəki səfiri ilə görüşüb

Ombudsman Avstriyanın ölkəmizdəki səfiri ilə görüşüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avstriyanın ölkəmizdəki səfiri Silvia Mayer Kaybiçi ilə görüşüb. SİA-nın xəbərinə görə, tanışlıq məqsədi daşıyan görüşdə ombudsman qonağın təmsil etdiyi səfirliklə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin vacibliyini söyləyib, əməkdaşlığın əsas prioritetlərinin müəyyənləşdirilməsinin zəruriliyini önə çəkib. O, fəaliyyətində dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti ilə bərabər, beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə əməkdaşlığa da önəm verdiyini, rəhbərlik etdiyi təsisatın Avstriyada yerləşən Beynəlxalq və Avropa Ombudsmanlar institutlarının, həmçinin Asiya Ombudsmanlar Assosiasiyasının üzvü olduğunu bildirib.

Müvəkkil Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğal edildiyini, insan hüquqlarının kütləvi surətdə kobudcasına pozulan bir milyon azərbaycanlının öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini qeyd edib. Ombudsman əhalinin digər qruplarının hüquqları ilə yanaşı, onların da hüquqlarının təmini və müdafiəsi ilə bağlı görülən işlər barədə danışıb. E.Süleymanova insan hüquqları sahəsində fəaliyyətində dövlət qurumları hələ Azərbaycan Qadın və İnkişaf Mərkəzinə rəhbərlik edərkən qaçqın və məcburi soydaşlarımızın məskunlaşdığı bölgələrə, çadır şəhərciklərinə tez-tez səfər etdiyini, onların problemlərinin həllində yardımçı olduğunu, qaçqın qadınların və uşaqların sosial müdafiəsi ilə bağlı layihələr, hüquqi maarifləndirmə tədbirləri həyata keçirdiyini xatırlatmış, bu istiqamətdə fəaliyyətin davam etdirildiyini diqqətə çatdırır.

Səfir S.M.Kaybiç Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini, böyük nüfuza, təcrübəyə malik olduğunu qeyd edib, onunla qarşılıqlı fikir və məlumat mübadiləsi aparmağın faydalı olduğunu bildirib. O, müvəkkilin insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyətində əsas istiqamətlərlə maraqlanıb, onun sualları ətraflı cavablandırılıb. Müvəkkil bildirib ki, ölkədə digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsi də prioritet istiqamətlərdən biridir.

Səfir avstriyalı və azərbaycanlı məktəblilərin qarşılıqlı səfərlərinin, onların fikir və məlumat mübadiləsi aparmasının əhəmiyyətini vurğulayıb. Hər il Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunan 18 iyun tarixində müvəkkilin təşəbbüsü ilə Bakıda Ombudsmanların beynəlxalq konfranslarının keçirildiyi, insan hüquqlarının müxtəlif aspektlərinin müzakirə olunduğu, YUNESKO-nun dəstəyi ilə keçiriləcək növbəti konfransın isə milli azlıqların və miqrantların mədəni hüquqlarına həsr ediləcəyi vurğulanmışdır. Müvəkkil səfiri bu beynəlxalq tədbirə qatılmağa dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə