Milli QHT Forumunun prezidenti: “QHT-lərin maliyyə mənbələrinin artırılması üçün xarici ölkələrin təcrübəsi öyrənilir” -MÜSAHİBƏ
- 2011-ci ilin başlanğıcında QHT-lərin fəaliyyətini necə qiymətləndirmək olar?
- Düşünürəm ki, 2010-cu il Azərbaycan qeyri-hökumət təşkilatları üçün uğurlu il olub. Məlum olduğu kimi, 2011-ci il ölkə başçısı tərəfindən "Turizm ili" elan olunub. Təbii ki, qeyri-hökumət təşkilatları da buna müvafiq olaraq layihələrin həyata keçirilməsində öz töhfəsini verməlidir. Turizm həm iqtisadiyyat, həm mədəniyyətdir. O, cümlədən vətəndaş cəmiyyəti institutları dövlət başçısının tapşırıqlarının yerinə yetirilməsində yaxından iştirak etməlidir. 2011-ci ildə QHT sahəsi ilə bağlı keçirilməsi nəzərdə tutulan böyük tədbirlərimiz var. Hesab edirəm ki, qarşıya qoyulan məqsədlər yerinə yetirilirsə, bu il də vətəndaş cəmiyyəti institutları üçün uğurlu il olacaq. Azərbaycan vətəndaş hüquqlarının aliliyinə əsaslanan demokratik dövlət quruculuğunu strateji məqsədlərindən biri kimi bəyan edib. Şübhəsiz ki, bu yöndə görüləsi əsas işlərdən biri də qeyri-hökumət təşkilatlarının formalaşması və inkişafı üçün münbit siyasi və hüquqi şəraitin təmin olunmasıdır. Tam əminliklə demək olar ki, Azərbaycan QHT-ləri belə bir şəraitlə təmin olunublar. Azərbaycan dövlətinin kifayət qədər siyasi iradəsi var ki, gələcəkdə də vətəndaş cəmiyyətinin inkişafına öz dəstəyini davam etdirsin. Azərbaycan vətəndaşları bu gün geniş bir şəkildə təşkilatlanaraq öz dövlətinin inkişafı üçün fəaliyyət göstərmək istəyir və buna nail olurlar.
- QHT-lərin maliyyələşməsində vətəndaş cəmiyyəti hansı rol oynaya bilər? Bir çox xarici ölkələrdə belə bir təcrübədən istifadə olunur.
- Bəzi ölkələrdə qeyri-hökumət təşkilatları müxtəlif maliyyə mənbələrindən istifadə edir. Dövlət maliyyəsi, dövlət resursları onlardan yalnız biridir. Bir sıra ölkələrdə vətəndaşların gəlirlərindən müəyyən faiz tutularaq QHT-lər üçün yaradılan fonda yönəldilir və vətəndaşlar bu zaman pulunu vermək istədiyi QHT-ni də seçmək hüququnu özlərində saxlayırlar. Bəzi ölkələrdə isə QHT-lərin qanun çərçivəsində yaradılan biznes strukturları var. Buradan əldə olunan gəlirlər təşkilatın həyata keçirdiyi layihələrin maliyyələşməsinə yönəldilir. Müxtəlif ölkələrdə yüzlərlə fond fəaliyyət göstərir. O fondların maliyyə mənbələri var və bu mənbələrdən əldə olunan gəlirlər birbaşa vətəndaş cəmiyyətinin inkişafına sərf edilir. Biz də hesab edirik ki, QHT-lərin maliyyələşməsində müxtəlif mənbələrdən istifadə etmək lazımdır. Bunun üçün xarici ölkələrin təcrübələri öyrənilir, müəyyən araşdırmalar aparılır. QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi tədbirlərdə də bu məsələ müzakirə olunub. Yeni maliyyə mənbələrinin yaranması QHT-lərə imkan verəcək ki, layihələrini tam maliyyələşdirə və vətəndaş cəmiyyətinin inkişafına daha yaxşı xidmət göstərə bilsinlər.
- Dəfələrlə aşkarlanıb ki, heç də bütün QHT-lər aldıqları qrantları lazımı şəkildə xərcləmir. Bu cür QHT-lər üzərində nəzarəti gücləndirmək üçün hansı addımlar atılmalıdır?
- Bu nəzarəti həm qrant verən donor təşkilatları, həm də dövlətin vergi və maliyyə orqanları həyata keçirirlər. Aparılan monitorinqlərdən sonra illik hesabatlar hazırlanır və bu hesabatlarda QHT-lərin fəaliyyəti ilə bağlı statistikalar əksini tapır. Bir sözlə, şəffaflıq bizim işimizin əsasını təşkil edir. Təbii ki, hesabatları vaxtlı-vaxtında verməyən, aldığı qrantları lazımı şəkildə xərcləməyən QHT-lər də nəzərdən qaçmır. Hər bir QHT-in fəaliyyəti növbəti qrant müsabiqələri zamanı qiymətləndirilir. QHT-lərin fəaliyyətindəki şəffalığı artırmaq üçün təbii ki, nəzarət daha da gücləndirilməlidir.
- QHT-dövlət, QHT-cəmiyyət münasibətləri lazımı şəkildə qurulubmu?
- Azərbaycanda QHT-dövlət, QHT-cəmiyyət münasibətləri kifayət qədər inkişaf edib. Milli QHT Forumu da bu münasibətlərin daha da inkişafı üçün 1999-cu ildən bir çox tədbirlər keçirib. Bunun nəticəsi olaraq 2010-cu ildə MDB məkanında ilk dəfə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanun məhz Azərbaycanda qəbul olunub. O qanunla 2000-dən çox qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyində qeydə alınıb. İstər qanunvericilik, istərsə də icraedici dövlət orqanları ilə apardığımız işlər nəticəsində vətəndaş cəmiyyəti institutlarının inkişafına nail olmuşuq. Apardığımız işin nəticəsində Milli QHT Forumunun 53 rayonda koordinasiya və 3 regional təlim mərkəzi yaradılıb. Bütün QHT-lər Forumun bu resurslarında istifadə edirlər. 12 il ərzində QHT-dövlət, QHT-cəmiyyət münasibətlərinin yüksək səviyyəyə çatmasına səy göstərmişik və səylərimizin nəticə verdiyini demək olar.
- Statistika nəyi ortaya çıxarır: Azərbaycan QHT-ləri hansı sahələr üzrə layihələr keçirməkdə daha maraqlıdır?
- Azərbaycan QHT-ləri 24 istiqamət üzrə fəaliyyət göstərir. QHT-lərə Dövlət Dəstəyi Şurasının keçən il hazırladığı ilk Milli Hesabatda da bu əksini tapıb. Əsas istiqamətlər isə insan hüquqları, demokratiya, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, vətəndaş cəmiyyətinin inkişafı, sosial problemlərin həlli, ətraf mühitin qorunması, qadın və uşaq hüquqlarının qorunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB