Nazirlik 928 nəfəri kurslara dəvət edib

Onlardan 115 nəfəri əlilliyi olan şəxslərdir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri sırasında işsiz və işaxtaran vətəndaşların, habelə əlilliyi olan şəxslərin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması mühüm yer tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, bu istiqamətdə tədbirlərin davamı olaraq, cari ilin yanvar-mart aylarında nazirliyin xətti ilə 928 nəfər şəxs dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, elektrik montyoru, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, bərbər, toxuculuq, kulinariya və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Onlardan 835 nəfər, o cümlədən 22 nəfər əlilliyi olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi kurslara, 93 nəfər isə nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul edilib.

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 115 nəfəri (12,4 faiz) əlilliyi olan şəxslərdən, həmçinin 577 nəfəri (62,2 faiz) gənclərdən ibarət olub.

Yanvar-mart aylarında nazirlik tərəfindən əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 32465 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə