Qədim və müasir Çindən unudulmaz səfər təəssüratlarım

Bəhruz QULİYEV, "SƏS" qəzetinin baş redaktoru

Ötən ay həyatımın daha bir maraqlı və unudulmaz anlarını yaşadım. Dünya və bəşər tarixində əsrarəngiz izlər buraxan Çin Xalq Respublikasına səfərim gerçəkləşdi. Öncə tarixlər yazan bu ölkə haqqında müəyyən coğrafi bilgilər əldə etmək üçün müəyyən külliyatlardan bilgimi artırdım. Məsələn, öyrəndim ki, hazırda Çin Xalq Respublikası kimi tanınan bu ölkə geniş torpaqlarında zəngin təbii sərvətlərə sahibdir. Çinin ərazisi təxminən 9,6 milyon kvadrat-kilometr və ya dünya ərazisinin 6,4%-nə bərabərdir. Çin torpaqlarının şimaldan cənuba uzunluğu təqribən 5500 kilometrdir və Mohe qəsəbəsinin şimalındakı Heilong çayının mərkəzindən (53030`) Nanşa adalarının ən cənubundakı Zengmu resifinə qədər (40) uzanır. Şimaldakı Heilongjiang bölgəsi qarlarla örtülüykən Cənubi Çin dənizindəki adalar tropik yay istisi ilə qovrulur.

Tarixə nəzər...

Dünyadakı ən qədim mədəniyyətlərdən biri olan Çin təqribən 4000 illik yazılı tarixə sahibdir. Yunnan əyalətindəki Yuanmouda çalışan antropoloqlar, Çində kəşf edilmiş ən qədim insanabənzər canlı olan və bu bölgədə təqribən 1,7 milyon il əvvəl yaşamış olan "Yuanmou adamı"nın qalıqlarını tapmışdılar. 400000 və ya 500000 il əvvəl müasir Pekinin cənub-qərbindəki Zhoukoudianda yaşamış "Pekin Adamı", insanın əsas xüsusiyyətlərinə sahib idi.

XX əsrin əvvəllərində Çin yarımfeodal ölkə olaraq qalırdı. Əhalinin çoxu mülkədarlardan asılı torpaqsız və aztorpaqlı kəndlilər idi. Kəndlilər, sənətkarlar, fəhlələr və milli burjuaziyanın ən cəsarətli hissəsi olan qabaqcıl ziyalılar Çindəki mütləqiyyət quruluşu əleyhinə çıxış edirdilər. 1905-ci ildə "Birləşmiş ittifaq" adlı gizli təşkilat yarandı. Bu təşkilata rəhbərlik edən Sun Yatsen 1906-cı ildə "Üç xalq prinsipi" adlanan müddəalarını irəli sürdü: millətçilik, demokratizm və xalq rifahı. Millətçilik prinsipi tezisində Mancur sülaləsinin təzyiqinə qarşı mübarizədə Çin xalqının birliyi ideyası öz əksini tapmışdı. Demokratizm prinsipinin məzmununu Çin demokratik respublikasının yaradılması təşkil edirdi. Sun Yatsen kəndlilərin istifadəsinə verilmək üçün torpaqların milliləşdirilməsinə çalışırdı. "Xalq rifahı" prinsipi də bunu ifadə edirdi. Sun Yatsenin prinsipləri xırda milli burjuaziya tərəfindən tamamilə qəbul edilirdi. Nəticədə, 1906-cı ildən başlayaraq Çində kəndlilərin, qabaqcıl ziyalıların və milli burjuaziyanın çıxışlarının yeni dalğası başlandı. 1911-ci ilin oktyabrında Uçan şəhərindəki qabiliyyətli üsyan inqilabın başlanğıcı oldu. Üsyançılar şəhəri tutdular. Bütün Xubey əyaləti respublika elan edildi. 1911-ci ilin sonlarına yaxın Çinin bütün cənubi və mərkəzi əyalətləri artıq Mancur əsarətindən azad edilmiş və üsyançıların hakimiyyəti altına keçmişdi. Antimonarxiya ruhlu bütün əyalətlərin nümayəndələrinin Nankində toplanmış konfransında Sun Yatsen respublikanın müvəqqəti prezidenti seçildi və 1912-ci il 1 yanvarda öz vəzifəsinin icrasına başladı. Liberal-mülkədarlar irticaçı general Yuan Şikayla sövdələşirdilər. 1912-ci ilin fevralında xüsusi fərmanla Tsin monarxiyası ləğv edildi. 1912-ci il 1 apreldə liberalların təzyiqi ilə üzləşən Sun Yatsen istefa verdi və irticaçı burjuaziyanın köməyi ilə Yuan Şikay respublikanın prezidenti seçildi. 1912-ci ilin avqustunda "Birləşmiş ittifaq" təşkilatı ilə bir sıra liberal təşkilatlar Homindan Partiyasında (Milli partiyada) birləşdilər. Partiyanın sədrliyinə Sun Yatsen seçildi. 1913-cü ilin yayında ölkənin cənubunda mürtəce hökumətin siyasətinə qarşı "ikinci inqilab" adlandırılan üsyanlar baş verdi. Lakin xarici qoşunlar inqilabçıları darmadağın etməkdə Yuan Şikaya kömək etdilər. "İkinci inqilab" da məğlub oldu. 1911-1913-cü illərin Çin inqilabı qarşısında duran vəzifələrdən yalnız birini - monarxiyanı devirmək vəzifəsini yerinə yetirdi.

Rusiyadakı Oktyabr inqilabından sonra marksizm ideologiyası Çinə yayıldı. Oktyabr inqilabının təsiri altında 1919-cu ildə məşhur 4 May Hərəkatı başladı. 1921-ci ildə ölkədəki bütün inqilabi qrupları təmsil edən Mao Tzedonq, Donq Bivu, Çen Tançui, He Şuhenq, Vanq Cinmey, Denq Enminq və Li Da Şanxayda Birinci Milli Konqresi təşkil edərək Çin Kommunist Partiyasını qurdular.

Öyrənədiklərim marağımı daha da artırırdı

Qısa tarixçəni öyrəndikdən sonra, əlbəttə ki, istər-istəməz müasir Çinə olan marağım daha da artmışdı. Məsələn, bu ölkəyə YAP-ın səkkiz nəfərlik nümayəndə heyəti ilə səfər etməmişdən öncə mənə elə gəlirdi ki, dünyaya, daha dəqiqi isə, bizə ucuz Çin məhsulu kimi tanış olan məhsullar orada da eyni vəziyyətdə istehsal olunur, insanların yaşayış səviyyəsi isə elə də ürəkaçan deyil. Ancaq biz Çinə gedəndə, tamamilə başqa təbiətlə, mənzərə ilə rastlaşmış olduq. Onu da qeyd edim ki, qrupumuza rəhbərliyi millət vəkili Arif Rəhimzadə edirdi. Bir ağsaqqal və dünyagörüşü zəngin olan dəyərli millət vəkilimiz ilə uzaq səfərə çıxmaq çox xoş idi. Eləcə də YAP Siyasi Şurasının üzvü Musa Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, siyasi təşkilatımızın digər üzvləri Naqif Həmzəyev, Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov və birliyin üzvü Elmar Məmmədovla orada olduğumuz 10 gün müddətində unudulmaz səfər ömrümüzü yaşamış olduq.

Paytaxt Pekində, Çendu və Şanxay şəhərlərində olarkən şahidi oldum ki, Çin, həqiqətən də bütün mənalarda bir meqadövlət kimi dünyada aparıcı mövqelərdən birini tutur. Çox yəqin ki, Çinin inkişafı onun bu ölkənin tarixi zənginliyi ilə də bağlıdır. Çünki Çin dünya bazarının mərkəzi sayılıb, bu gün də belədir. Biz mərkəzi və yerli icra struktur rəhbərləri ilə bir sıra görüşlər keçirərək müxtəlif sənaye və kənd təsərrüfatı obyektlərində olduq.

Görüşlərimiz çox maraqlı keçdi

İlk görüş isə paytaxt Pekin şəhərində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin direktor müavini Van Minlə oldu.

Görüşdə bir daha təsdiq olundu ki, Çin-Azərbaycan əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir və ölkələrimiz arasındakı qarşılıqlı siyasi anlaşma getdikcə daha da dərinləşir.

Ümumiyyətlə, keçirilən bütün görüşlərimiz bir-birindən maraqlı və yaddaqalan oldu. Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Beynəlxalq Əlaqələr Departamentinin direktoru Sun Tao, Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) beynəlxalq əlaqələr komitəsinin sədr müavini, parlamentin Çin-Azərbaycan Dostluq Qrupunun sədr müavini Çen Fensian və digər şəxslərlə görüşlərimiz də belə qənaətə gəlməyə zəmin yaradır.

O cümlədən, Çin Kommunist Partiyası beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarının müşayiəti ilə biz Siçuan vilayətinin Çendi şəhərində də olduq. Vilayətin Quan Yuan şəhərində müasir kənd təsərrüfatı parkında olan nümayəndə heyəti yerli partiya komitəsinin rəhbərləri ilə birlikdə müasir çay plantasiyalarına gedərək çay istehsalı və emalı sənayesi ilə yaxından tanış olduq, maraqlı xatirə şəkilləri çəkdirdik. Ümumiyyətlə, Çinin kənd təsərrüfatı çox inkişaf etmişdir. Belə ki, "Park Yuanba" müasir kənd təsərrüfatı parkında olaraq burada toyuqçuluq, donuzçuluq və balıqçılıq təsərrüfatı ilə tanış olduqdan sonra zənnimiz bizi aldatmadı. Çinin ən böyük şəhəri Şanxaya səfərimizdə isə müasirliyin davamını gördük.

Çin Səddi və səddi olmayan Çin qonaqpərvərliyi

Unudulmaz məqamlarımızdan biri də Böyük Çin Səddinə səfərimiz və orada Azərbaycanın Dövlət Bayrağını dalğalandırmağımız oldu. Çünki belə bir tarixi yerdə Dövlət Bayrağımızın dalğalanması bizdə qürur və fərəh hissi yaratmış oldu. Çin səddi demişkən, qeyd edim ki, bəşər tarixində gələcək nəsillərə insan əlilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Çinlilər bu səddə Vanli Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, on min li uzadılmışdır (1 li təqribən 576 metrdir).

Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Çin Şi-Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur və bu dağınıq xalqlar, əl-ələ verərək, dünyanın ən uzun və ən nəhəng daş divarını tikmişdilər. Maraqlıdır ki, 2450 kilometrlik səddin tikintisi cəmi on ilə - e.ə. 230-cu ildə başa çatdırıldı. Bu şərəfə imperator Çin Şi-Xuandi Men-Tyanı böyük mükafatlarla təltif elədi. Amma imperator bilmədi ki, bu nəhəng səddi tikib qurtarana qədər qarda, şaxtada, səhralarda aclıqdan, susuzluqdan, soyuqdan və ağır əməkdən ildə 400 mindən çox işçi həlak olmuşdu. Məhz buna görə də həmin dövrdən Çində belə bir xalq misalı yaranıb. "Hər kərpicin sayı qədər insan udan bu divarlar dünyanın ən uzun qəbiristanlığıdır". Bu deyimdə böyük həqiqət vardı. Çünki ölən adamlar Men-Tyanın əmri ilə qala divarlarına hörülürdü. Sonrakı bir neçə əsrdə Böyük Çin səddi daha 2000 kilometr uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrilmişdir. Lakin o, yeni eranın VI əsrindən başlayaraq qüdrətli türk imperiyalarının güclü ordularının önünü saxlaya bilmir və öz keçilməz-aşılmaz müdafiə funksiyasını itirir. Orta əsrlər tarixindən məlumdur ki, qədim türk imperatorları Bilgə Xaqan, Mete, Çingiz Xan Böyük Çin səddini aşaraq ölkənin içərilərinə yerimişdilər.

Min sülalə imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək bir daha Çin xalqını vahid məqsəd - Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirdi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir görkəmini qoruyub saxlamışdır. Hazırda bu nadir və qeyri-adi tikinti qədim dünya insanlarının əlilə tikilmiş ən böyük möcüzələrindən biri olmaqla, Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin də ən qiymətli incisi hesab edilir. Böyük Çin səddi - ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi üç min ildir ki, Çinin simvoluna çevrilərək yaşayır və bundan sonra da min illərlə yaşayaraq gələcək nəsilləri əzəməti və qeyri-adiliyi ilə heyrətdə qoyacaqdır.

Sonda isə, qeyd etmək istərdim ki, Çin xalqı, həqiqətən də bəzi xüsusiyyətlərində, əsasən də qonaqpərvərliklərində Azərbaycan xalqı kimidirlər. Qonağa ehtiram və hörmət burada çox önəmli bir amil kimi qiymətləndirilir. Bu baxımdan, çinlilərin xoş niyyətli qonaqpərvərliyi bizim təəssüratlarımıza, səfər ovqatımıza rəng qatmış oldu. Qədim və müasir Çinə səfərim isə ən yaddaqalan səfərlərdən biri kimi xatirələrimzdə yaşayacaq.

Bakı-Pekin-Çendu-Şanxay-Pekin-Bakı

Bütün xəbərlər Facebook səhifəmizdə