BŞH "Bir" Tələbə-Könüllü Proqramı ilə memorandum imzaladı

BŞH "Bir" Tələbə-Könüllü Proqramı ilə memorandum imzaladı

Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalayıb. SİA-nın məlumatına görə, "Formula-1" üzrə Avropa Qran Prisinin Könüllürlər Mərkəzində keçirilən imzalanma mərasimində gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov iştirak edib.

Gənclər və idman naziri A. Rəhimov Azərbaycanda gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini qeyd edib: "Gənclər arasında könüllülük fəaliyyətinə maraq olduqca yüksəkdir. İndiyə qədər ev sahibliyi etdiyimiz iri miqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimiz böyük uğura imza atıblar. Ümid edirəm ki, bu ənənə növbəti tədbirlərdə daha yüksək səviyyədə davam edəcək".

O bildirib ki, Azərbaycanda könüllülərin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.

Təhsil naziri M.Cabbarov vurğulayıb ki, könüllülük fəaliyyəti üzrə qaşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi Avropa Qran Prisinin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək: "Tələbələrin ölkəmizdə keçirilən irimiqyaslı idman yarışlarında könüllü fəaliyyət göstərməsi çox sevindirici haldır. Biz Təhsil Nazirliyi olaraq tələbələrin hərtərəfli inkişafını dəstəkləyirik. İnanırıq ki, onların iştirakı ilə Azərbaycan daha böyük işlərin öhdəsindən uğurla gələcək".

Qeyd olunub ki, anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar bir sıra birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Anlaşmanın şərtlərinə əsasən, Bakı və Sumqayıt şəhərlərində yerləşən ali təhsil müəssələrində "Bir" Tələbə-Könüllü Proqramı tərəfindən Avropa Qran Prisinin Könüllülük Proqramı təqdim olunacaq və "Formula-1" Avropa Qran Prisində iştirak etmək üçün tələbə-könüllülər cəlb olunacaq.

Qran Pri üçün ümumilikdə 5 min könüllü cəlb olunacaq. İndiyədək 12 mindən çox könüllü qeydiyyata alınıb və onlardan 4 mini müsahibədən keçib.

Sonra nazirlər memorondumu imzalayıblar və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə