“Azərbaycan dünya mədəniyyətinə inteqrasiya etməyi hədəf seçib” MÜSAHİBƏ

“Azərbaycan dünya mədəniyyətinə inteqrasiya etməyi hədəf seçib” MÜSAHİBƏ

Millət vəkili Jalə Əliyevanın SƏS TV-yə müsahibəsi

- Jalə xanım, 2015-ci ilin oktyabr ayında Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işləri hansı səviyyədədir və bu Forumdan nələri gözləyək?

- Azərbaycan artıq üçüncü dəfədir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Keçirilən iki Formun nəticələri, qonaqların ölkəmiz haqqında söylədikləri fikirlər, Forumda müzakirə olunan problemlər onu deməyə əsaas verir ki, sözügedən Forum bütün mənası ilə yüksək səviyyədə təşkil edilib. Belə olan halda təbii ki, üçüncü dəfə Azərbaycan ev sahibliyi edəcək tədbiri daha möhtəşəm şəkildə başa vuracaq. Belə düşünməkdə haqlıyıq. Çünki bu sahədə yetərincə təcrübəmiz var. Qısa zaman kəsiyində bu qədər uğurlara imza atmaq müsbət göstəricidir. Bütün bunlar bir daha onu göstərir ki, bu gün Azərbaycan tolerantlığını, ilkinliyini, milliliyini qoruyaraq dünya mədəniyyətinə inteqrasiya etməyi hədəf seçib.

- Sözügedən Formun xalqlararası mədəniyyət əlaqələrinin qurulmasında əhəmiyyətini və rolunu necə xarakterizə edərdiniz?

- Bakıda keçirilən Forumda mədəniyyət sahəsində yetərincə söz sahibi olan insanlar birmənalı şəkildə forumun təşkilini yüksək səviyyədə qiymətləndiriblər. Belə ki, onlar Azərbaycanın bu Forumda iştirakı ilə öz mədəni səviyyəsini ortaya qoyduğunu və xalqlararası dialoqa sırf mədəniyyət yolu ilə nail olduğunu qeyd ediblər. Azərbaycan mədəniyyət yolu ilə millətlərarası dialoqun əldə edilməsində əhəmiyyətli yola istiqamətləndiyini bir daha sübut etdi.

- 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın müstəsna rolu olub. 3-cü Forumun da yüksək səviyyədə baş tutacağını demək olarmı?

- Forumun yüksək səviyyədə keçirilməsində Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın rolu müstəsnadır. Forumda Mehriban xanımın iştirakı, çıxışı zamanı toxunulan məsələlər, aspektlər həqiqətən də Azərbaycan qadının dünya görüşünü, təfəkkürünü, dünyaya baxış bucağını ortaya qoymuş oldu. Birinci və ikinci Forumların qazandığı uğurların böyük bir hissəsi məhz Mehriban xanımın o Forumda iştirakı ilə bağlıdır. Azərbaycanın birinci xanımı mədəniyyət, zəriflik rəmzi kimi ölkəmizin mövqeyini hər zaman üstün tutan bir insan kimi yadda qaldı. Keçiriləcək Forumda Mehriban xanımın iştirakı ilə yeni uğurlara imza atacağımızı söyləməyə əsaslar var.

- Bildiyimiz kimi, bu günlərdə Heydər Əliyev Fondunun 10 illik fəaliyyəti tamam oldu. Mehriban xanımın rəhbərliyi ilə Fondun Azərbaycan mədəniyyətinin təbliğində rolunu necə qiymətləndirirsiniz?

- Heydər Əliyev Fondu yarandığı 10 il ərzində Ulu Öndərin yarımçıq qalan ideyalarını həyata keçirməkdə müstəsna fəaliyyət göstərib. Fondun yaranmasının 10 illiyi paytaxt Bakı ilə yanaşı bir çox xarici ölkələrdə təntənəli şəkildə qeyd edildi. Keçirilən tədbirlərdə çıxışlar zamanı bir daha şahidi olduq ki, sözün əsil mənasında Heydər Əliyev Fondu 10 ildə mübağiləsiz məsafə qət edib. Heydər Əliyev Fondunun gördüyü işlər, tutduğu humanist əməllər o qədər genişdir ki, bu haqda bir konfransın çıxışında və ya bir verlişdə məruzə etmək çətindir. Fondun əsas məqsədi, amalı, məramı insanpərvərlik, yaxşılıq və humanizimdir. Sadəcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda köməyə ehtiyacı olan insanlara Fond tərəfindən yardımlar ünvanlanıb. Bu gün qidadan əziyyət çəkən, məktəb üzünə həsrət qalan ölkələrə Fond ayaq açdı, əlini uzatdı. Bu da müqəddəs missiyadır. Ulu Öndərin adına, ideyalarına, keçdiyi həyat yoluna cavab verən bir fəaliyyətdir.

- Məlumdur ki, Heydər Əliyev Fondu gənclərin vətənpərvər ruhda böyüməsinə önəmli dəstək verir. Bu barədə nə deyə bilərsiniz?

- Vətənpərvərlik, Vətənə sevgi haradan başlayır? Sadəcə yaxşı günlərində deyil, eyni zamanda təlatümlü günlərində də öz səsini eşitdirə bilməkdən, dünyaya haqq səsini çatdırmaqdan ibarətdir vətənpərvərlik. Vətəni sadəcə sözdə deyil, əməldə sevməyi Heydər Əliyev Fondu bir daha gördüyü böyük işlərlə, nəhəng layihələri ilə sübut etməyi bacardı. 20 faizdən artıq erməni işğalı altında olan torpaqlarımız haqqında, yaşanan faciələrə dünya ölkələrinin baxışlarının dəyişdirilməsində fondun gördüyü işlərin misli yoxdur. Xocalı faciəsinin dünyaya faktlarla, filmlərə çatdırılması istiqamətində böyük addımı da Heydər Əliyev Fondu atdı. Qarabağ həqiqətlərini olduğu kimi gənclərə təbliğ etmək də Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Bunun üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevaya borcluyuq.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə