Bu gün Quba rayonunda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Respublikanın Şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda iki günlük regional konfrans işinə başlayıb.
Komitədən SİA-ya verilən məlumata görə, konfransın keçirilməsində məqsəd dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması, sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır. Regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkili Vahid Əhmədov, Prezident Administrasiyasının nümayəndəsi eləcə də digər rəsmi şəxslər, QMİ-nin, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidə önünə əklil və güllər düzüblər.
Konfransın açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, Qubadakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin dördüncüsü olduğunu diqqətə çatdırıb. Komitə sədri bu konfransın ölkəmizdəki dövlət-din münasibətlərinə müsbət təsirlərini qeyd edib. O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi daha da sürətlənib. Komitə sədri həmçinin bu istiqamətdə Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafında xidmətlərindən danışıb: "Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən islam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada islam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə, daha diqqətli yanaşılmalıdır. Xarici təsirlərdən ölkə dindarlarını qorumaq ən çox ruhanilərin üzərinə düşən məsuliyyətdir. Əsrlərin süzgəcindən keçərək müasir dövrə qədər qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq".
E. İskəndərov bu ilin ölkə ictimaiyyəti üçün mühüm il olduğunu diqqətə çatdırıb və qarşıdan gələn prezident seçkilərində dini icmaların fəal iştirak edəcəyinə əminliyini ifadə edib.
Çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini nəzərə alaraq, son dövrlər Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Din xadimləri "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda Regional Konfransın iştirakçılarının Bəyanatına Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı maddənin əlavə edilməsini təklif edib və bu təklif birmənalı olaraq qəbul olunub.
Qeyd edək ki, iki gün davam edəcək regional konfransda respublikanın 5 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayəndə iştirak edir.Tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB