Astarada 31 mart azərbaycanlıların soyqırımı günü qeyd edilib

Astarada 31 mart azərbaycanlıların soyqırımı günü qeyd edilib

Bu gün Astara rayonunda 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi açan Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi ilk dəfə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla keçirildiyini, azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının 95-ci ildönümünü xalqımız tərəfindən böyük ürək ağrısı ilə qeyd olunduğunu, təkcə XX əsrdə xalqımızın başına ölçüyəgəlməz müsibətlər gətirildiyini, yüzminlərlə insanın tarixi yurd yerlərindən deportasiya edildiyini iştirakçıların diqqətinə çatdırıb. Bunlar təkcə 1918-ci il mart soyqırımı ilə məhdudlaşmır. Əlavə edib ki, ötən əsrin sonunda 1 milyona qədər insan doğma torpaqlarından didərgin salınıb, kəndlər, şəhərlər, nadir tarixi abidələr yandırılıb, talan edilib, minlərlə insan qətlə yetirilib, girov götürülüb, itkin düşüb. Xocalı faciəsi kifayətdir ki, erməninin kimliyi bütün dünyaya bəlli olsun. İcra başçısı qeyd edib ki, Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Tədbirdə rayon İcra hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov məruzə ilə çıxış edərək erməni millətçilərinin təkcə ötən əsrin əvvəlində deyil, tarix boyu xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü, xarici havadarlarının dəstəyi ilə tarixin ayrı-ayrı dönəmlərində azərbaycanlılara qarşı dəhşətli soyqırımlar törətdiklərini qeyd etməklə, bu soyqırımını gələcək nəslə ötürməklə bu qanlı olayları onların milli şüurunda formalaşdırmağın vətəndaşlıq borcumuz olduğunu söyləyib.

Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova da tədbirdə çıxış edərək Azərbaycan xalqına qarşı törədilən qanlı olaylarla bağlı fikirlərini bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə