Bu gün Sosial siyasət komitəsi "İctimai iştirakçılıq haqqında" qanun layihəsini müzakirəyə çıxarıb. SİA-nın məlumatına görə, layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verib.
H.Rəcəbli bildirib ki, ictimai iştirakçılığın maliyyələşməsi məsələsi xüsusi müzakirə olunmalıdır. Onun sözlərinə görə, qanun layihəsində ictimai iştirakçılığın dövlət büdcəsindən maliyyəşməsi nəzərdə tutulub və bunun həcmi aydınlaşdırılmalıdır: "Maliyyə tutumu plenar iclasa kimi hesablanmalıdır". O qeyd edib ki, burada yaradılacaq İctimai Şura hansısa qurumu əvəz etməyəcək, tam yeni bir forma olacaq".
Deputat Musa Qiliyev isə bildirib ki, qanun xüsusilə korrupsiyaya qarşı mübarizədə vacib rol oynayacaq: "Çünki korrupsiyaya qarşı mübarizədə tək inzibati və iqtisadi tədbirlər yox, ictimai iştirakçılıq da əhəmiyyətli rol oynayır".
Deputat Yaqub Mahmudov qanuna yenidən nəzər salmağın vacibliyini vurğulayıb: "Bu gün Azərbaycanda çoxlu ictimai təşkilat var, hərəsi də bir yerdən maliyyələşir. Onlar arasında fərqi müəyyən etmək lazımdır. Eyni zamanda burada mənim üçün bir sual da doğur ki, yaradılacaq İctimai Şura ölkədəki idarəetmə iyerarxiyasına tabe olacaq, yoxsa müstəqil olacaq. Əgər bu Şura yuxarılardan məsləhətlə idarə olunacaqsa, bu düzgün deyil. Bu, qanunda açıq qalıb, ona görə də sənədə ciddi əl gəzdirilməlidir".
Qeyd edək ki, bundan əvvəl sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsində də müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB