Səfir Xəzər İbrahim Brüsseldə yerləşən Amerika Klubunun üzvləri üçün brifinq verib
Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim Brüsseldə yerləşən Amerika Klubunun dəvəti ilə klubun üzvləri üçün "Azərbaycan: Qərblə Şərqin Arasında Körpü" mövzusunda təqdimat verib.
Nümayəndəlikdən SİA-ya verilən məlumata görə, Brüssel Amerika Klubu 1921-ci ildə bir qrup Amerika biznesmenləri tərəfindən təsis edilib. Əvvəllər Brüsseldə yaşayan amerikalılar arasında sosial və biznes əlaqələri inkişaf etdirmək məqsədilə təsis olunub. Hazırda isə bu klub eyni maraqlara xidmət edən digər dövlətlərin vətəndaşları üçün də açıqdır və 20-dən çox dövlətin vətəndaşlarını özündə birləşdirir. Klub ayrı-ayrı vəzifəli məmurları (o cümlədən ildə bir dəfə ABŞ-ın Belçikadakı Səfiri ilə) dəvət edərək naharlar, müxtəlif ictimai-mədəni səfərlər və bayram tədbirləri ilə üzvləri arasında əlaqələndirməni təşviq edir.
Səfir Xəzər İbrahimin dəvət olunduğu tədbirdə klubun İdarə Heyətinin üzvləri, o cümlədən ABŞ, Almaniya, Belçika, İrlandiya, Kanada, Litva və s. dövlətlərdən olan 38 nəfər iştirak edib.
Təqdimat zamanı səfir Xəzər İbrahim iştirakçılara Azərbaycanın tarixi, geostrateji mövqeyi, xarici siyasəti, karbohidrogen resursları, enerji təhlükəsizliyi, Ermənistan-Azərbaycan münaqişəsi və onun regional inkişafa mənfi təsirləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq, nəqliyyat və tranzit məqsədləri üçün ölkəmizin əhəmiyyətli rolu kimi istiqamətlər üzrə məlumat verib. Qonaqlar ölkəmizin daxili və xarici siyasətinə, o cümlədən qonşu dövlətlərlə əlaqələr, neft gəlirlərinin bölgüsü, turizm potensialının gücləndirilməsi imkanlarına dair suallar veriblər.
Sonda iştirakçılara ölkəmiz barədə maarifləndirmənin təşviqinə xidmət edəcək materialları əhatə edən hədiyyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB