TürkPA-nın baş katibi: “Xaricdə təhsil alan gənclər də lobbi quruculuğuna töhvə verə bilərlər”

TürkPA-nın baş katibi: “Xaricdə təhsil alan gənclər də lobbi quruculuğuna töhvə verə bilərlər”

"Xaricdə təhsil alan gənclər təhsil müəssisələrində oxuduqları zaman və oranı bitirdikdən sonra çevrələrində olan həmin ölkə vətəndaşları ilə dostluq münasibətləri qura bilirlərsə, bununla lobbi quruculuğuna töhvə vermiş olurlar. Bundan əlavə, gənclər təhsil aldıqları ölkənin idarəetmə sistemində aktiv olan insanlarla münasibətləri yaranırsa, onlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində tanınmasına dəstək edirlər". SİA-nın xəbərinə görə, bunları Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının ikinci panelində çıxışı zamanı Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov deyib. O bildirib ki, Azərbaycanı xaricdə təmsil edənlər orada yaşayan və işləyən insanlarla bərabər əməkdaşlıq zamanı lobbi quruculuğuna, Azərbaycanın tanıdılmasına və inkişafına böyük xeyir verə bilərlər. Lobbi quruculuğunun çox önəmli bir proses olduğunu deyən R.Həsənov qeyd edib ki, gənclərin qurduğu münasibətlər də bu məsələdə mühüm rol oynaya bilər. Onun sözlərinə görə, bu gün ermənilərin həyata keçirdikləri ən aktiv proseslərdən biri ondan ibarətdir ki, yaşadıqları ölkələrdə nüfuzlu insanlarla ailəvi dostluq münasibətləri yaradırlar. Onlar ölkənin siyasətinə nüfuz edə biləcək, söz sahibi olan insanlarla şəxsi münasibətlər qururlar və bu da beynəlxalq münasibətlər sistemində önəmli rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə