“Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi”

“Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi”

Cəbrayılda eyniadlı layihə çərçivəsində tədbir təşkil edilib

“İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi çərçivəsində “Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi” adlı layihəsini icra edir. Layihənin əsas məqsədi uşaq və gənclərin mina və partlayıcı qalıqlar təhlükəsi barədə bilik və bacarıqlarını interaktiv, oyun-əsaslı və yaradıcılıq yönümlü qeyri-formal təhsil metodları ilə artırmaq, təhlükəli ərazilərdən qorunma vərdişlərini formalaşdırmaqdan ibarətdir. Layihə işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərində icra olunur və hər 3 rayon üzrə uşaq və yeniyetmələr arasında interaktiv maarifləndirmə məşgələlərinin təşkili, uşaq və yeniyetmələr arasında Cəbrayıl şəhərində “Təhlükəsiz oyun meydançası- idman festivalı”nın, Füzuli şəhərində “Mina təhlükəsi- rəsmlərdə” rəsm müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Fəaliyyət planına uyğun olaraq işğaldan azad olunmuş ərazidə salınmış Cəbrayıl şəhərində uşaqların qeyri-formal üsullarla mina təhlükəsi barədə maarifləndirilməsi üzrə interaktiv maarifləndirmə tədbiri həyata keçirilib. Tədbiri Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin direktoru Şəlalə Qasımlı açaraq qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, tədbirin postmüharibə dövründə ciddi fəsadlar yaradan mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükə ilə bağlı uşaqların maarifləndirilməsi və təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətini qeyd edib.

“İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi sədri, layihə rəhbəri Jalə Teymurlu layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat vermişdir. Tədbir zamanı layihə eksperti- minadan zərərçəkən, ANAMA-nın müxtəlif beynəlxalq konfransında iştirakçısı, haqqında film və bir sıra videolar hazırlanmış Cəfərova Tamam tərəfindən tərəfindən mina və müharibənin partlamamış qalıqları, mina mifləri, mina təhlükəsi ilə mübarizə, mina və partlamamış hərbi sursatların insan həyatına yaratdığı faciə, öz acı həyat hekayəsi haqqında uşaqların anlayacağı şəkildə ətraflı məlumatlar verilmiş, həyata keçirilməsi nəzərdə tutulan "Təhlükəsiz oyun meydançası" idman festivalı ilə bağlı müzakirə təşkil edilib.

Tədbirdə 35 uşaq və yeniyetmə iştirak etmiş və hər bir iştirakçı üçün dəftərxana ləvazimatlarından ibarət qovluq təqdim olunmuş, cay-kofe fasiləsi təşkil olunub. Tədbirin foto və videoçəkilişi həyata keçirilib

Bütün xəbərlər Facebook səhifəmizdə