“Ailə qurmağa meyilin azalması təhlükəli tendensiyadır” - SOSİOLOQ

“Ailə qurmağa meyilin azalması təhlükəli tendensiyadır” - SOSİOLOQ

"Müşahidə olunan tendensiya ondan ibarətdir ki, Azərbaycanda, xüsusilə gənc əhali arasında ailə qurmadan da yaşamağın və həyatını davam etdirməyin mümkün olduğu düşüncəsi formalaşır". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

Onun sözlərinə görə, əslində, bu, müəyyən qədər təhlükəli tendensiyadır: "Çünki ailə qurmağa meylin azalması tədricən ailə institutunun özünün mövcudluğu məsələsini gündəmə gətirir.

Ailə institutuna və ailə qurmağa münasibət müəyyən şəkildə dəyişirsə və bu tendensiya davam edərsə, gələcəkdə ailə institutunun hansı formada mövcud olacağı sualı ortaya çıxır. Ümumiyyətlə, insanlar ailə qurmağa meyl edəcəklərmi, yoxsa ailəni məsuliyyət kimi qəbul edərək bu məsuliyyətdən kənarda qalmağa üstünlük verəcəklərmi? Belə ehtimalların mövcudluğu qeyd etdiyimiz tendensiyanın kifayət qədər ciddi olduğunu göstərir.

Bu prosesin sosial, iqtisadi, psixoloji və mənəvi-əxlaqi səbəbləri var. Müasir dövrdə ailə qurmaq əvvəlki dövrlərdə olduğu kimi məcburi xarakter daşımır. İnsan üçün ailə qurmaq da, qurmamaq da seçimə çevrilib. Ailə qurmadan da müstəqil həyat sürməyin mümkün olduğu düşüncəsi getdikcə daha çox yayılır. Bu baxımdan, ilk növbədə müşahidə olunan bu tendensiyanı mənfi istiqamət kimi qiymətləndirmək mümkündür.

Səbəblərdən danışarkən, əlbəttə ki, sosial-iqtisadi amilləri xüsusi qeyd etmək lazımdır. Burada “maddi təminata hazırlıq” anlayışı ön plana çıxır. İnsanların bu gün ailə qurmaq üçün hansı maddi imkanlara malik olması, ailə qurmaq üçün tələb olunan xərclərin nədən ibarət olması və gənclərin mövcud gəlirlərinin bu tələblərə nə dərəcədə uyğun gəlməsi mühüm məsələlərdir. Bugünkü reallıqda gənclərin iş imkanları, aylıq gəlirləri və qarşıya qoyulan maddi tələblər arasında müəyyən uyğunsuzluqların olması ailə qurmağa meylin azalmasına təsir edən amillərdən biri hesab oluna bilər.

Bununla yanaşı, təhsil və karyera məsələsini də qeyd etmək lazımdır. Müasir gənclər ailə qurmazdan əvvəl daha keyfiyyətli təhsil almağa, öz karyeralarını formalaşdırmağa, müstəqil şəkildə iş sahibi olmağa və ya şirkətdə, dövlət qurumunda qənaətbəxş əməkhaqqı qarşılığında çalışmağa üstünlük verirlər. Bu düşüncə də reallıqdır.

Gənclər öz potensiallarını ilk növbədə təhsil, karyera və iş imkanlarının formalaşdırılmasına yönəldir, ailə qurmağı isə həyatlarının sonrakı mərhələsinə saxlayırlar. Bunun nəticəsi olaraq Azərbaycanda nikaha daxilolma yaşı da yüksələn xətt üzrə inkişaf edir. Əvvəlki illərlə müqayisədə gənclərin daha erkən yaşlarda ailə qurması tendensiyası zəifləyib və nikaha daha yuxarı yaşlarda daxilolma meyili getdikcə artır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə