Pasiyentin səhhəti tibbi prosedurdan sonra pisləşərsə, məsuliyyət kimin üzərinə düşür? - VƏKİL AÇIQLADI
Həkimə müraciət edən hər bir pasiyent göstərilən tibbi yardımın peşəkar, təhlükəsiz və müəyyən edilmiş tibbi standartlara uyğun olacağına güvənir. Lakin müalicə və ya tibbi müdaxilə gözlənilən nəticəni vermədikdə, yaxud sağlamlıqla bağlı əlavə fəsad yarandıqda, mühüm bir sual ortaya çıxır: bu nəticə tibbi riskdir, yoxsa həkim və ya tibb müəssisəsinin yol verdiyi qüsurun nəticəsidir?
Mövzu ilə bağlı SİA-ya vəkil Turan Abdullazadə danışıb.

O bildirib ki, belə hallarda pasiyentin hüquqlarının müdafiəsi və məsuliyyətin müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə də tibbi mübahisələrdə pasiyentin həkimin hansı mərhələdə səhv etdiyini və hansı tibbi qaydanın pozulduğunu sübut etməsi heç də həmişə asan olmur. Məhz bu baxımdan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarı tibbi xidmətlərdən irəli gələn mübahisələrdə mühüm hüquqi yanaşmalar müəyyən edir:
“Bundan əlavə, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yeni qərarı qəbul edilmişdir.
Qərarın mühüm müddəalarından biri tibbi xidmətlərlə bağlı mübahisələrdə sübutetmə yükünün tibb müəssisəsinin üzərinə düşməsidir. Yəni pasiyent həkimin və ya tibb müəssisəsinin konkret olaraq harada səhv etdiyini sübut etmək məcburiyyətində qalmır. Əksinə, tibb müəssisəsi göstərdiyi tibbi xidmətin qanunvericiliyə, tibbi standartlara və klinik protokollara uyğun olduğunu əsaslandırmalıdır.
Bununla yanaşı, tibbi yardımın göstərilməsi zamanı bütün prosedurlar sübutlu təbabət prinsiplərinə uyğun, lazımi diqqət və ehtiyat tədbirləri görülməklə həyata keçirilibsə, müəyyən hallarda məsuliyyət istisna oluna bilər. Qərarda da vurğulanır ki, əvvəlcədən gözlənilməsi mümkün olmayan və ya gözlənilsə belə qarşısının alınması mümkün olmayan, həkimin bilik, bacarıq və imkanlarından kənar səbəblərdən yaranan zərərə görə hüquqi məsuliyyət yaranmır. Başqa sözlə, hüquq tibbdə riskin tamamilə sıfır olmadığını qəbul edir.
Məhkəmə hansı məsələləri araşdırmalıdır?
* Pasiyentə düzgün diaqnoz qoyulubmu?
* Bütün zəruri və mümkün tədbirlər vaxtında görülübmü?
* Müayinə və müalicə tibbi yardımın göstərilməsi qaydalarına, standartlara və klinik protokollara uyğun aparılıbmı?
* Göstərilən tibbi yardımda qüsur olubmu?
* Həmin qüsur xəstəliyin gedişatına təsir edibmi, sağlamlığın pisləşməsinə və ya digər ağır nəticələrə səbəb olubmu?
Mülki Məcəllənin 1112-ci maddəsi tibb müəssisəsinin məsuliyyətini nəzərdə tutsa da, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun təqsir olduğu halda tibb işçisinin də məsuliyyətini müəyyən edir. Müəssisə ilə həkim arasında əmək münasibətlərinin mövcudluğu nəzərə alınmaqla, bu cür iddialara Mülki Məcəllənin 1099-cu maddəsinin tələbləri də tətbiq edilməklə baxılır.
Beləliklə, zərərçəkən şəxs iddianı tibb müəssisəsinə, birbaşa tibb işçisinə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürə bilər. Tibb müəssisəsi dəymiş zərəri ödədikdən sonra qanunvericilikdə müəyyən edilmiş qaydada həmin zərərə görə təqsirli olan işçiyə qarşı reqres tələb irəli sürmək hüququna malikdir.
Keyfiyyətsiz tibbi yardım göstərilməsi nəticəsində mənəvi zərərin əvəzinin ödənilməsini pasiyentin özü və ya müəyyən hallarda onun yaxınları tələb edə bilər. Estetik əməliyyatlarda isə nəticənin müqavilə şərtlərinə uyğun olmaması ilə bağlı mənəvi zərər tələbi yalnız həmin şəxsin özü tərəfindən irəli sürülə bilər.
Nəticə etibarilə, qanunvericilik həkimdən möcüzə deyil, peşəkarlıq, lazımi diqqət və tibbi standartlara uyğun fəaliyyət tələb edir. Həkim bütün zəruri prosedurlara əməl edib, sübutlu təbabət prinsipləri əsasında və lazımi qayğı ilə hərəkət edibsə, arzuolunmaz nəticənin özü avtomatik olaraq onun məsuliyyəti demək deyil.
Lakin burada qərarın pasiyent hüquqlarının müdafiəsi baxımından əsas əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, tibbi yardımın düzgün göstərildiyini sübut etmək yükü pasiyentin deyil, tibb müəssisəsinin üzərinə düşür. Bu yanaşma həm pasiyentin hüquqlarının daha effektiv müdafiəsinə, həm də tibb müəssisələrinin göstərdikləri xidmətə görə məsuliyyətinin artırılmasına xidmət edir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB