Psixoloji tükənmə birdən-birə yaranmır - PSİXOLOQ AÇIQLADI

Psixoloji tükənmə birdən-birə yaranmır - PSİXOLOQ AÇIQLADI

Psixoloji tükənmə adətən birdən-birə yaranmır. İnsan çox vaxt uzun müddət özünü yükləyir, yorğunluq siqnallarını görməzdən gəlir və müəyyən bir mərhələdən sonra bunun gündəlik həyatına təsir etdiyini hiss etməyə başlayır.

Bu sözləri SİA-ya psixoloq Zeynəb Əyyubova deyib.


O bildirib ki, ilk siqnallardan biri əvvəl zövq aldığımız şeylərə qarşı marağın azalmasıdır. İnsan dostları ilə görüşmək, hobbiləri ilə məşğul olmaq və ya sadəcə istirahət etmək istəmir. Daim yorğun hiss edir, amma bəzən nə qədər dincəlsə də, özünü bərpa olunmuş hiss etmir:

“Digər mühüm siqnal əsəbilik və emosional həssaslığın artmasıdır. Kiçik bir hadisə əvvəlkindən daha böyük reaksiya doğura bilər. İnsan özünü daha səbirsiz, aqressiv və ya kövrək hiss edə bilər. Diqqət və yaddaşla bağlı çətinliklər, qərar verməkdə çətinlik, motivasiyanın azalması da tükənmənin göstəriciləri ola bilər.

Bəzən insan bunu belə ifadə edir: “Heç nəyə həvəsim yoxdur”, “Hamı məndən nəsə istəyir”, “Başımı toparlaya bilmirəm”. Əslində bunlar bədənin və psixikanın bizə verdiyi dayanmaq siqnallarıdır.

Bu mərhələdə ən vacib məsələ özümüzdən daha çox performans tələb etmək deyil. Əksinə, tempimizi azaltmaq və öz ehtiyaclarımızı nəzərə almaq lazımdır. Yuxu rejiminə diqqət etmək, gün ərzində fasilələr vermək, informasiya axınını, xüsusilə sosial media istifadəsini azaltmaq, fiziki aktivliyə və real sosial əlaqələrə vaxt ayırmaq faydalıdır.
Eyni zamanda insan özünə “Mən niyə belə oldum?” sualından əvvəl “Hazırda mənə nə lazımdır?” sualını verməlidir. Çünki bəzən biz yorğun olduğumuzu qəbul etmək əvəzinə özümüzü tənbəllikdə və ya zəiflikdə günahlandırırıq.

Əgər bu əlamətlər uzun müddət davam edirsə, işə, münasibətlərə və gündəlik həyata ciddi təsir göstərirsə, artıq bunu sadəcə yorğunluq kimi qiymətləndirməmək lazımdır. Belə vəziyyətdə psixoloq və ya uyğun mütəxəssislə danışmaq insanın vəziyyəti daha düzgün dəyərləndirməsinə və vaxtında dəstək almasına kömək edə bilər.

Ən əsası isə psixoloji tükənmənin qarşısını almaq üçün insanın tamamilə tükənməsini gözləmək lazım deyil. Özümüzü dinləmək, sərhədlərimizi qorumaq və vaxtında dayanmağı bacarmaq psixoloji sağlamlığın vacib hissəsidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə