“Yay Fest”in “Mühəndislik və Kod” düşərgəsi texnologiyaya həvəsi olan gəncləri bir araya gətirib
Şamaxıda təbiət qoynunda təşkil edilən, süni intellekt və rəqəmsal inkişaf mövzusuna həsr olunan “Yay Fest 2026”nın “Mühəndislik və Kod” düşərgəsi başa çatıb.
Azərbaycan Gənclər Fondundan SİA-ya bildirilib ki, 17-21 avqust tarixlərini əhatə edən düşərgə müddətində gənclər mühəndislik və texnologiya, proqramlaşdırma, süni intellekt və rəqəmsallaşan mühit ilə bağlı biliklərini genişləndirib, müxtəlif praktiki fəaliyyətlərdə iştirak edib, mütəxəssislərlə fikir mübadiləsi aparıb və komanda şəklində öz bacarıqlarını sınayıblar.
Düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Çadır formatında təşkil edilən düşərgənin açılışında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli çıxış edərək, rəqəmsallaşan mühitdə “Yay Fest“in gənclərin yeni bilik və bacarıqlar qazanması, şəbəkələşməsi və yaradıcı düşüncə tərzlərinin formalaşması baxımından yaratdığı imkanlardan danışıblar.
Düşərgənin 5 günlük proqramı çərçivəsində gənclərin dövlət rəsmiləri və rəqəmsal texnologiyalar üzrə mütəxəssislərlə görüşləri təşkil edilib. Gənclər və idman nazirinin müavini İndira Hacıyeva ilə görüş zamanı süni intellekt və rəqəmsallaşmanın gənclər üçün yaratdığı imkanlar, yeni texnologiyaların müasir dövrdə rolu və gənclərin bu proseslərdə iştirakı müzakirə olunub. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə görüşdə isə gənclər müasir beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik çağırışları və təhlükəsizlik məsələlərinin xarici siyasətdə rolu ətrafında fikir mübadiləsi aparmaq imkanı qazanıblar.
Düşərgə proqramının iştirakçılar üçün maraqlı olan hissələrindən biri də Gənclər üçün Prezident Mükafatına layiq görülmüş şəxslərin iştirakı ilə keçirilən panel müzakirəsi olub. NAYORA-nın sədri Rafael Hacıbəylinin moderatorluğu ilə baş tutan panel görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova, Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyinin sədri Məryəm Məcidova və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova iştirak ediblər. Müzakirə zamanı spikerlər karyera uğurlarını, şəxsi və peşəkar inkişaf yollarında qazandıqları təcrübələri gənclərlə bölüşüb, onlara gələcək fəaliyyətləri üçün dəyərli tövsiyələr veriblər.
Proqramın tədris hissəsində isə süni intellekt və texnologiyaların praktiki tətbiqinə xüsusi yer ayrılıb. “AI alətləri ilə effektiv proqram təminatının hazırlanması” və “Kod mühəndisliyində süni intellekt: İdeyadan real layihəyə (AI Agent Design Challenge)” mövzularında keçirilən təlimlər vasitəsilə iştirakçılar süni intellekt alətlərindən istifadə, proqram təminatının hazırlanması və texnoloji ideyaların praktik həllərə çevrilməsi ilə bağlı biliklərini artırıblar.
Düşərgə müddətində NAYORA-nın üzv gənclər təşkilatları tərəfindən də müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlər həyata keçirilib. Maarifləndirici hissə ilə yanaşı, düşərgə iştirakçıları üçün müxtəlif sosial, mədəni və əyləncəli tədbirlər təşkil olunub.
Sentyabrın 4-dək davam edəcək festival çərçivəsində “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq” və “AI – İdman və Sağlamlıq” adlı 8 düşərgə təşkil olunacaq. Hər biri 5 gün davam edən düşərgələrdə, ümumilikdə, 2 mindən çox gənc iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB