Vəfat etmiş şəxsin sosial şəbəkə hesablarına kimin müdaxilə etmək hüququ var? - HÜQUQŞÜNAS AÇIQLADI
Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə insanın ölümündən sonra onun sosial şəbəkə hesablarının taleyi də hüquqi müzakirə mövzusuna çevrilib.
Bir çox hallarda yaxınları vəfat etmiş şəxsin hesabını bağlamaq, xatirə hesabına çevirmək və ya şəxsi məlumatlarına çıxış əldə etmək istəyirlər.
Bəs Azərbaycan qanunvericiliyinə görə, insan öldükdən sonra onun sosial şəbəkə hesablarına kimin müdaxilə etmək hüququ var?
Məsələ ilə bağlı hüquqşünas Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində “rəqəmsal miras” və ya vəfat etmiş şəxsin sosial şəbəkə hesabının vərəsələrə keçməsi ayrıca və birbaşa tənzimlənməyib:
“Buna görə məsələyə, əsasən, vərəsəlik və fərdi məlumatların mühafizəsi haqqında ümumi normalar tətbiq olunur. “Fərdi məlumatlar haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən, şəxs vəfat etdikdə onun fərdi məlumatlarının işlənilməsi ilə bağlı qanunda tələb olunan razılıq vərəsələrdən biri tərəfindən verilə bilər. Həmçinin şəxsin sağlığında belə məlumatların işlənilməsinə qadağa qoyulmayıbsa, onlar qanunvericiliklə müəyyən edilmiş hallarda işlənilə bilər.
Lakin bu norma vərəsəyə avtomatik olaraq mərhumun sosial şəbəkə hesabına daxil olmaq, parolu istifadə etmək və hesab üzərində tam nəzarət əldə etmək hüququ vermir. Konfidensial fərdi məlumatların üçüncü şəxslərə verilməsi ümumi qayda olaraq şəxsin razılığını tələb edir; ölüm halında isə qanunun 8.3-cü maddəsində nəzərdə tutulan vərəsə institutu nəzərə alınmalıdır.
Digər tərəfdən, Mülki Məcəlləyə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xitam tapır və vərəsəlik əsasən mərhuma məxsus əmlak və əmlak xarakterli hüquq və vəzifələrin keçməsini təmin edir. Sosial şəbəkə hesabının özünün isə miras əmlakı, yoxsa platforma ilə bağlanmış şəxsi xidmət münasibətinin elementi olması məsələsi qanunda ayrıca həll edilməyib.
Göründüyü kimi, mərhumun həyat yoldaşı, övladı və ya digər qohumu olmaq öz-özlüyündə hesabın parolunu əldə etmək və hesaba daxil olmaq üçün kifayət etmir. Hüquqi baxımdan ən düzgün yol vərəsəlik statusunu təsdiq edən sənədlərlə müvafiq sosial şəbəkə platformasına müraciət etmək, hesabın bağlanmasını və ya xatirə hesabına çevrilməsini platformanın qaydalarına uyğun tələb etməkdir. Şəxsi yazışmalara və digər qapalı məlumatlara giriş isə ayrıca hüquqi əsas tələb edə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB