Hansı əmlaklar çıxarışla təmin oluna bilmir? - EKSPERT AÇIQLADI

Hansı əmlaklar çıxarışla təmin oluna bilmir? - EKSPERT AÇIQLADI

"Vətəndaşlar fərdi yaşayış evləri alarkən, ilk növbədə, sözügedən evin sənədinə diqqət etməlidirlər. Əmlakın çıxarışının olması mütləqdir”. Bu sözləri SİA-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, digər tərəfdən, hazırda paytaxt Bakı və Abşeron ərazisində təxminən 500 minə yaxın çıxarışsız fərdi yaşayış evi mövcuddur ki, yaxın gələcəkdə onların bir hissəsinə çıxarışların verilməsi gözlənilir:

“Lakin digər tərəfdən qadağan olunmuş ərazilərdə inşa edilmiş fərdi yaşayış evləri də var ki, bu tip əmlaklara qanunvericiliyə uyğun olaraq çıxarışların verilməsi mümkün deyil. Bunlara daha çox yüksək gərginlikli elektrik xətlərinin altında, neft boru kəmərlərinin ətrafında və digər kommunikasiya xətlərinə yaxın məsafədə inşa olunmuş fərdi yaşayış evləri daxildir. Bu tip əmlaklar çıxarışla təmin oluna bilmir. Hər hansı fərdi yaşayış evi alarkən əlavə olaraq tikintinin keyfiyyətinə də diqqət yetirilməlidir. Əgər tikilən yaşayış evinin bünövrəsi yoxdursa və ya qısa müddət ərzində inşa olunubsa, bu tip əmlaklar müəyyən vaxtdan sonra deformasiyaya uğraya bilər.

Başqa bir tərəfdən, xüsusilə Abşeron ərazisində bir zamanlar çox sayda kiçik göllər və qamışlıq ərazilər olub ki, həmin sahələrin böyük bir hissəsi qurudularaq fərdi yaşayış evləri ilə əvəzlənib. Bu tip ərazilərdə torpaqların çökməsi digər ərazilərlə müqayisədə daha qısa müddətdə müşahidə oluna bilər.

Bu baxımdan, fərdi yaşayış evləri alarkən ilk növbədə evin sənədinə, yerləşməsinə və tikintinin keyfiyyətinə diqqət yetirilməlidir. Əks halda gələcəkdə subasma, zəlzələ və ya digər təbii fəlakətlər zamanı bu tip evlər daha çox zərər görə bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə