Uşağı evdə neçə yaşından tək qoymaq olar ? - PSİXOLOQ

Uşağı evdə neçə yaşından tək qoymaq olar ? - PSİXOLOQ

Gec-tez bir çox valideyn uşağı hansı yaşdan etibarən evdə təhlükəsiz şəkildə tək qoymağın mümkün olduğu barədə düşünür. Psixoloqlar bildirirlər ki, bu məsələdə əsas meyar uşağın yaşı deyil, onun xarakterinin xüsusiyyətləri və yetkinliyidir.

Uşağın tək qalmağa hazır olub-olmadığını necə müəyyənləşdirmək olar?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, uşağın evdə və yaxud evdən kənarda tək qalması hər zaman valideynlərin diqqət mərkəzində olub:

“Ailə ümumiyyətlə avtoritar, demokratik və liberal ailələrə bölündüyünə görə, demokratik ailələrdə bu, daha kiçik yaşlardan başlayır. Yəni uşağın yaşı daha kiçik olur, onun otağı ayrılır, yatağı ayrılır, hətta evdə tək qoymağa da başlayırlar ki, uşaq daha sərbəst böyüsün.

Amma avtoritar ailələrdə bu, daha ciddi nəzarət altında olur. Uşağın həm sosial şəbəkələrdən istifadəsi, həm evdə tək qalması, həm yeməyi və s. hər zaman diqqət mərkəzində olur və nəzarət edilir. Liberal ailələr isə ümumiyyətlə, uşaqlarının yaşına baxmayaraq, onlara istədikləri azadlığı verirlər, hətta uşaqlarla demək olar ki, maraqlanmırlar.

Əlbəttə ki, uşağın evdə tək və yaxud başqa yerdə tək qalmasının əsas meyarı yaş deyil, onun psixoloji gücü, psixoloji yaşıdır, bioloji yaşı deyil. Bəzən elə olur ki, 5 yaşlı uşaq belə sakit oturub müəyyən rəsmlərlə məşğul ola bilir, oyunlarını oynaya bilir və bir neçə saat tək qala bilir.

Amma əlbəttə ki, bir psixoloq olaraq mən düşünürəm ki, uşaqları indiki və yaxud əvvəlki uşaqlara bölmək şərti ilə deyil, uşaqların yaşlarını nəzərə alaraq, 7 yaşa qədər evdə tək qalmaları məsləhət görülmür. Çünki nə qədər psixoloji cəhətdən sağlam olsalar da, təklik bir müddət sonra onlara çətin gələ bilir. Çünki indiki uşaqlar sosial şəbəkələrdən, oyunlardan, filmlərdən çox istifadə edirlər və oradakı qorxu səhnələri, qorxulu səslər onlara pis təsir edə bilir və tək qalanda çox narahat ola bilirlər.

Amma 7 yaşdan sonra artıq daha çox dərk etmələri yaranır, qavrama prosesləri daha rahat olduğuna görə, düşünürəm ki, o yaşdan sonra tək qalmaq və tək qalıb problem yaşamamaq ehtimalı daha çoxdur. Bunu əsasən psixoloqlar nəzərə alırlar və mən də düşünürəm ki, psixoloqlar hər zaman bu nöqteyi-nəzərdən uşağın birinci və ikinci yaş böhranlarını da nəzərə alırlar.

İkinci yaş böhranı 7 yaşda bitdiyinə görə və o yaşdan sonra uşaqlarda daha çox özünəinam, tək qalıb düşüncələri ilə məşğul olmaq, tək qalıb evdə müəyyən bir məşğuliyyətlə məşğul olmaq bacarığı formalaşdığına görə, onlar daha rahat olurlar”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə