“Sosial şəbəkələr psixoloji problemlərə yol aça bilər” - PSİXOLOQ

“Sosial şəbəkələr psixoloji problemlərə yol aça bilər” - PSİXOLOQ

"İnsanlar sosial şəbəkələrdə əsasən öz uğurlarını, xoş anlarını və müsbət həyatlarını paylaşırlar. Heç kim adətən öz mənfi tərəflərini, problemlərini və xəstəliklərini nümayiş etdirmir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bu da insanlarda başqalarının həyatını ideal və problemsiz görmək, zamanla isə həmin həyatı bir növ kopyalamaq istəyi yaradır:

"Sosial şəbəkələrdə gördükləri paylaşımlardan təsirlənən insanlar uğurlu olmaq və geridə qalmamaq üçün müəyyən aktivliklər həyata keçirməyə, davamlı olaraq nələrisə paylaşmağa çalışırlar. Lakin bu vəziyyət zaman keçdikcə psixoloji problemlərə də yol aça bilər. İnsan daim özünü narahat hiss edir, rahatlığını itirir və sosial şəbəkəsində yeni paylaşım olmadıqda özünü sanki boşluqda hiss etməyə başlayır.

Digər insanların əldə etdiyi uğurları, getdiyi yerləri və həyat tərzini görən şəxs özünü onlarla müqayisə edə, hətta başqalarından geri qaldığını düşünə bilər. Bu, müasir dövrün ən ciddi psixoloji problemlərindən birinə çevrilir.

Əlbəttə, başqalarının həyatından nümunə götürmək və inkişaf etmək istəyi özlüyündə mənfi hal deyil. Əgər insan gördüyü uğurlardan motivasiya alır, öz üzərində işləyir və real məqsədlər müəyyənləşdirirsə, bu, müsbət yanaşmadır. Lakin sosial şəbəkələrə nevrotik bağlılıq yaranırsa, insan daim özünü başqaları ilə müqayisə edir və paylaşım etmədən özünü narahat hiss edirsə, artıq bu vəziyyət mənfi nəticələrə gətirib çıxara bilər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə