“Su ehtiyatları düzgün idarə olunarsa, isti hava dalğalarının təsirini azaltmaq mümkündür” - EKOLOQ
"Havanın temperaturunun yüksəlməsi, uzunmüddətli isti hava dalğaları və quraqlıq məsələsinə gəldikdə, demək olmaz ki, temperatur tam şəkildə yüksəlir. Əslində, temperaturda tərəddüdlər müşahidə olunur". Bu fikirləri SİA-ya açıqlamasında Environmental "Protection First" (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib.

Onun sözlərinə görə, məsələn, bəzi günlərdə temperatur maksimum 39–40 dərəcə olur, digər günlər isə 32–34 dərəcə arasında dəyişir: "Yəni orta temperatur baxımından elə də ciddi artım yoxdur. Aylıq göstəricilər də ümumilikdə normal yay temperaturuna uyğundur.
İsti hava dalğaları Azərbaycanda, xüsusilə aran zonasında müəyyən qədər müşahidə olunur. Ancaq, məsələn, bizdə küləklər olur və həmin küləklər isti hava dalğalarının təsirini müəyyən qədər kompensasiya edir.
Bu proses kənd təsərrüfatına, su ehtiyatlarına və biomüxtəlifliyə fərqli təsirlər göstərə bilər. Bu da əsasən su ehtiyatlarının düzgün idarə olunmasından asılıdır. Məsələn, xatırlayırsınızsa, may və iyun aylarında intensiv yağışlar yağdı. Hətta bəzi yerlərdə yağıntının miqdarı aylıq normanın 200–300 faizindən də çox oldu.
Həmin dövrdə su ehtiyatlarına cavabdeh qurumlar su anbarlarını doldurdular. Məqsəd də o idi ki, sonradan belə isti və quraq aylarda həmin sulardan suvarmada istifadə olunsun və kənd təsərrüfatı məhsulları su çatışmazlığı ilə üzləşməsin.
Biomüxtəlifliyə gəldikdə isə, flora və faunaya müxtəlif təsirlər ola bilər. Xüsusilə suvarılmayan ərazilərdə ağacların quruması və yanması halları müşahidə edilə bilər. Amma suvarılan ərazilərdə yaşıllıqları və ağacları qorumaq mümkündür.
Heyvanlar aləminə də fərqli təsirlər göstərir. Məsələn, vəhşi təbiətdə yaşayan heyvanlar yay mövsümündə daha çox dağlıq və meşəlik ərazilərə miqrasiya edirlər. Yəni təbiət əslində özünü müəyyən qədər tənzimləyir.
İnsan fəaliyyətinə gəldikdə isə, burada çox şey insanın öz əlindədir. Müasir texnologiyalar və idarəetmə sistemləri vasitəsilə bu proseslərin təsirini azaltmaq və vəziyyəti tənzimləmək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB