"Bəzən insanlar öz hisslərini ifadə edə bilmirlər, çünki onların kompleksləri olur" - PSİXOLOQ
"İnsanların emosional ünsiyyət qura bilməmələri, öz emosional durumlarını qarşı tərəfə hiss etdirə bilməmələri, əlbəttə ki, emosional zəkanın zəifliyinin nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bəzən insanlar ünsiyyətdə yalnız ağla, intellektual səviyyəyə üstünlük verirlər. Amma emosional zəka olmadan insanlar bir-biri ilə sağlam ünsiyyət qura bilmirlər: "Empatiyaları zəif olur, bir-birinin xətrinə bilmədən dəyə bilirlər.
Bəzən də insanlar öz hisslərini ifadə edə bilmirlər, çünki onların kompleksləri olur. Öz komplekslərini gizlətmək üçün də bəzən emosiyalarını gizlətməyə məcbur olurlar.
Ümumiyyətlə, insanın güclü görünmə istəyi onun xarakterinə bağlıdır. Amma, əlbəttə ki, xarakterdəki o güclü görünmə istəyi bəzən insanı həqiqətən də içdən çökdürür. Çünki insan daim güclü ola bilməz. Bu, özü böyük bir psixoloji problemdir. Yəni, “mən hər zaman güclü olmalıyam, güclü görünməliyəm” düşüncəsi uşaqlıqdan gələn tərbiyənin nəticəsidir. Valideynlərin bizə ötürdüyü stereotiplərdir ki, biz heç vaxt zəif ola bilmərik.
Belə insanlar isə bir müddət sonra emosional yanma yaşayırlar və demək olar ki, gizlətdikləri bütün hissləri bağıraraq, çağıraraq ifadə etməyə çalışırlar. Yaxud da psixosomatik olaraq xəstələnirlər və müəyyən orqanlarında müxtəlif problemlər üzə çıxmağa başlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB