Onlayn alış-veriş zamanı aldadılan vətəndaş nə etməlidir? - HÜQUQŞÜNAS AÇIQLADI

Onlayn alış-veriş zamanı aldadılan vətəndaş nə etməlidir? - HÜQUQŞÜNAS AÇIQLADI

Onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, internet üzərindən dələduzluq halları da artmaqdadır.

Məhsulun göndərilməməsi, sifariş ediləndən fərqli malın çatdırılması, saxta səhifələr vasitəsilə pulun mənimsənilməsi kimi hallarla üzləşən vətəndaşlar çox vaxt hansı hüquqi addımları atmalı olduqlarını bilmirlər.

Bəs belə vəziyyətdə ilk olaraq nə etmək lazımdır?

Məsələ ilə bağlı Hüquqşünas Xanım Yusifova SİA-ya açıqlamasında bildirib ki, onlayn alış-veriş zamanı vətəndaşın aldadıldığını düşündüyü andan etibarən ilk addımı bütün sübutları toplamaq olmalıdır:

“Yazışmalar, ödəniş qəbzləri, bank köçürmələri, məhsulun elanının şəkilləri, satıcının profil məlumatları və digər elektron məlumatlar mütləq saxlanılmalıdır. Bu sübutlar sonradan hüquqların müdafiəsində əsas rol oynayır.

Əgər alış-veriş hüquqi və ya fiziki şəxs tərəfindən həyata keçirilibsə, ilk növbədə satıcıya rəsmi qaydada müraciət edilərək problemin aradan qaldırılması, məhsulun göndərilməsi və ya ödənilmiş məbləğin geri qaytarılması tələb olunmalıdır.

Satıcı müraciətə cavab vermədikdə və ya tələbi yerinə yetirmədikdə, vətəndaş Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aidiyyəti dövlət orqanlarına şikayət edə bilər. Əgər məsələ istehlakçı hüquqlarının pozulması ilə bağlıdırsa, aidiyyəti qurumlara müraciət etmək mümkündür. Əgər vətəndaşın pul vəsaiti aldatma yolu ilə ələ keçirilibsə və dələduzluq əlamətləri mövcuddursa, dərhal polis orqanlarına müraciət edilməli və cinayət işi başlanılması üçün ərizə verilməlidir.

Bundan əlavə, ödəniş bank kartı ilə aparılıbsa, vətəndaş gecikmədən xidmət göstərən banka müraciət edərək əməliyyat barədə məlumat verməli, mümkün hallarda ödənişin geri qaytarılması prosedurunun tətbiqi imkanlarını araşdırmalıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun və digər normativ aktlar istehlakçıların hüquqlarını qoruyur. Lakin hüquqların effektiv müdafiəsi üçün vətəndaşın vaxtında müraciət etməsi və əlində sübutların olması həlledici əhəmiyyət daşıyır. Sosial şəbəkədə paylaşım etmək hüquqi müdafiəni əvəz etmir. Ən düzgün yol qanunvericilikdə nəzərdə tutulan prosedurlara uyğun şəkildə aidiyyəti orqanlara müraciət etməkdir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə