Binaların qarşısında şəxsi dayanacaq yeri yaratmaq qanunidirmi? - EKSPERT

Binaların qarşısında şəxsi dayanacaq yeri yaratmaq qanunidirmi? - EKSPERT

"Çoxmənzilli binaların, istər yeni, istərsə də köhnə binaların ətrafında, eləcə də həmin binalara gedən ara yolların kənarında müəyyən yerlərin ayrı-ayrı şəxslər tərəfindən özbaşına zəbt edilməsinin şahidi oluruq".

Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, bəzən vətəndaşlar özləri üçün müəyyən ərazini ayırır, orada digər nəqliyyat vasitələrinin saxlanılmasının qarşısını almaq üçün müxtəlif maneələr quraşdırır, qıfıl vurur, zəncir çəkir və sair üsullardan istifadə edirlər:

"Bu zaman bir neçə qanun pozuntusu və eyni zamanda digər vətəndaşların hüquqlarının pozulması halları meydana çıxır. Yəni, bir şəxs həmin ərazidən istifadə edir, digər vətəndaşlar isə eyni hüquqa malik olmalarına baxmayaraq, həmin imkanlardan məhrum edilirlər.

Qanunvericilik baxımından vətəndaşın hər hansı ərazini özbaşına zəbt edərək nəqliyyat vasitəsi üçün şəxsi dayanacaq yeri yaratmasına yol verilmir. Əgər vətəndaş nəqliyyat vasitəsinin saxlanılması üçün müəyyən ərazidən istifadə etmək istəyirsə, bunun üçün qanunla müəyyən edilmiş qaydada müvafiq qurumdan icazə almalıdır.

Ən azı, əgər söhbət bələdiyyəyə məxsus ərazidən gedirsə, vətəndaş həmin ərazidən istifadə ilə bağlı bələdiyyə ilə müqavilə bağlaya və qanunvericiliyə uyğun olaraq həmin sahəni icarəyə götürə bilər. Bundan başqa, hər hansı şəxsin özbaşına ərazini zəbt edərək orada maneə, zəncir, qıfıl və digər qurğular quraşdırmasının hüquqi əsası yoxdur.

Əgər ərazi çoxmənzilli binanın və ya Mənzil-Tikinti Kooperativinin (MTK) balansındadırsa, burada məsələ bir qədər fərqli qaydada tənzimlənir. MTK-ya məxsus ərazi həmin binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan ərazi hesab olunur. Bu halda ərazidən istifadə ilə bağlı məsələlər MTK-nın daxili qaydaları və müvafiq qərarları əsasında, qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməlidir.

Əsas məsələ ondan ibarətdir ki, heç bir vətəndaş ümumi istifadədə olan ərazini özbaşına zəbt edərək digər insanların həmin ərazidən istifadə hüququnu məhdudlaşdıra bilməz".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə