Yol qəzalarının baş verməsinin əsas səbəbləri nədir? - EKSPERT AÇIQLADI

Yol qəzalarının baş verməsinin əsas səbəbləri nədir? - EKSPERT AÇIQLADI

2026-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində 285 nəfər həyatını itirib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi qəzaların sayında azalma müşahidə edilsə də, qəzalarda xüsusilə əmək qabiliyyətli şəxslər və motosiklet sürücüləri arasında risklər yüksək olaraq qalır.

Yol qəzalarının baş verməsinin əsas səbəbləri nədir?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, avtomobil yollarında qəzaların baş verməsinin əsas səbəblərindən biri də diqqətsizlikdir:

“Yəni, qəzaların səbəblərindən ən başlıcası diqqətsizlikdir.

Məsuliyyətsizlik. Bu, işdə də belədir, həyatda da belədir. Məsuliyyətsiz insanların həmişə bir əziyyətini çəkirik. O cümlədən bu, avtomobil yollarında da özünü göstərir.

Bu gün nəqliyyat vasitələri arasında avtomobillərin sayı və avtomobillərin iştirakı ilə baş verən qəzaların sayına görə özünəməxsus yeri var. Amma bəzən olur ki, avtomobillərin iştirakı ilə baş verən qəzaların sayında müəyyən azalmalar olsa da, digər riskliliklər qalır.

Məsələn, bugünkü gündə motosikletlərin iştirakı ilə baş verən qəzalarda çox faciəvi hallar yaşanır. Bilmək olmur, görmək olmur, anidən yola çıxırlar, məsuliyyətsiz davranırlar. Sonra hərəkət məhdudiyyəti olan küçələrdə anidən yola çıxırlar.

Yəni, bunların hamısı öz-özlüyündə faciədir. Buna faciə deməyin başqa adı yoxdur. Əsas səbəb məsuliyyətsizlikdir.

Məsuliyyətsiz sürürlər, hərəkət iştirakçılarına mane olurlar və s.

Biz bunu necə aradan qaldıra bilərik? Bunun aradan qaldırılmasının bir yolu maarifləndirmə, digər yolu isə cərimədir.

Cəriməni başa düşdük ki, cərimə olunur, insan gedir cəriməsini ödəyir və yenə həmin hərəkəti edir. Amma insan maariflənsə, dərk etsə ki, qaranlıq küçədə işıqsız motosiklet sürmək olmaz və yaxud qırmızı işıqda motosikletlə, skuterlə keçmək olmaz, vəziyyət dəyişə bilər.

Burada təkcə motosikletlərdən söhbət getmir, skuterlər də özləri bir bəladır. Belə məsələlər var. Ona görə də bu kimi məsələlərə, belə prosedurlara ciddi yanaşmaq lazımdır.

Bunların hamısı sınaqdan keçirilməlidir. Cərimə olunmalıdır, qaydalar tətbiq edilməlidir. Elə adamlar var ki, onların əlindən həmin nəqliyyat vasitəsini almaq lazımdır. Çünki məsuliyyətsiz davranırlar.

Yəni, öz həyatları ilə bərabər, digər insanları da riskə atırlar. Həm özlərini, həm də başqalarını bədbəxt edirlər.

Artıq yavaş-yavaş həmin şəxslərə qarşı ciddi tədbirlərin görülməsinin zamanıdır. Çünki məsuliyyətsiz davranan insanlar cəmiyyəti qorxu altında saxlayırlar.

Yəni, hər adam artıq maşınla hərəkətə gələndə istər-istəməz qorxuya düşür ki, nəsə olacaq, belə olacaq, ya da başqa bir hadisə baş verəcək”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə