“İki gəlirli ailə modeli artıq cəmiyyət tərəfindən müsbət qəbul olunur” - ŞƏRH

“İki gəlirli ailə modeli artıq cəmiyyət tərəfindən müsbət qəbul olunur” - ŞƏRH

"Ümumiyyətlə, qadınların işləməsi ilə bağlı bu məsələyə münasibət xeyli artıq dəyişib" . Bu sözləri SİA-ya açıqlamasında Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Ilqar Hüseynli deyib.

Onun sözlərinə görə, indiki sosial çətinliklər fonunda, vətəndaşların gəlirlərinin son dərəcədə azalması, aşağı olması fonunda artıq ailədə həm də xanımların işləməsinə münasibət, demək olar ki, dəyişib: "Daha çox insanlar, gənclər ailə qurarkən təhsil almış, konkret bir peşəyə yiyələnmiş xanımlarla evlənməyə üstünlük verirlər. Belə tendensiyaların sayı həddindən artıq çoxalıb.

Düzdür, müxtəlif sosial təbəqələrdə hələ də “qadın işləməməlidir”, “qadın yalnız evdə olmalıdır”, “evdə oturmalıdır” kimi yanaşmalar var. Tamamilə bunu inkar etmək olmaz. Bu baxımdan, əslində, baxanda qadınların işləməsinə münasibət müsbətdir, müsbət olmalıdır.

Təbii ki, iki gəlirli ailə modeli ailənin rifah halının yaxşılaşdırılması üçün imkanlar yaradır, ailənin maddi təminatının ödənilməsində daha çox üstünlük təmin edir.

Bəzi hallarda, təbii ki, konfliktlər var. Müəyyən dəyərlərə münasibətdə, məsələn, bəzi kişilərin, gənclərin qısqanclıq zəminində xanımlarına qarşı, müxtəlif iş yerlərində olan əks cins nümayəndələri ilə münasibətlərinin qurulması ilə bağlı bu kimi məsələlərdə təbii ki, konfliktlər də yaşanır. Amma demək olar ki, bu, çoxlu sayda deyil.

Doğrudur ki, sosial şəbəkələrdə biz vaxtaşırı belə məsələlərlə bağlı konfliktli situasiyalar haqqında paylaşımlar görürük. Bəzən ailə münaqişəsi zəminində hətta xanımların qətlə yetirilməsi hallarını da müşahidə edirik. Yəni, bu kimi məsələlər də var.

Amma bütün hallarda artıq iki gəlirli ailə modeli məsələsi özünü daha geniş şəkildə büruzə verir. Doğrudur ki, burada regionlara görə vəziyyət dəyişir. Bu, daha çox böyük şəhərlərdə müşahidə olunur. Müəllim, həkim və bu kimi peşələrə yiyələnən xanımların işləməsi və iş tapması daha rahatdır.

Bu baxımdan, digər ixtisas qruplarında təhsil almış xanımlarımızın işlə təminatında ciddi narazılıqlar, narahatlıqlar yaranır.

Amma eyni zamanda kənd regionlarında qadınlarımız daha çox kənd təsərrüfatı işlərində ailələrinə köməklik edirlər. Məsələn, aqrar sektorda bu gün bölgələrdə çalışan işçilərin daha çox hissəsi qadınlardır.

Mən düşünürəm ki, bu, artıq belə də davam etməlidir, daha da genişlənməlidir və ailələrin bir-birinə dəstək olması baxımından xanımların işləməsi təqdir olunmalıdır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə