“Dondurulmuş qidalar qida dəyəri baxımından təzə məhsullarla demək olar ki, eyni səviyyədədir. Hətta bəzi hallarda onları üstələyir”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.

Onun sözlərinə görə, sənaye üsulu ilə dondurma prosesi məhsulun tərkibindəki vitamin və mineralları donduraraq qoruyub saxlayır: Təzə məhsullar toplanandan sonra satış və daşınma mərhələsində günlərlə gözlədiyi halda, dondurulmuş qidalar tam yetişdiyi və qida dəyəri yüksək olduğu anda emal edilir.
Qidaların dondurulması prosesində mikroorqanizmlərin çoxalması və fermentativ reaksiyalar tamamilə dayanır. Bu qidanın xarab olmasının qarşısını alan ən təbii saxlanma üsuludur. C və B qrupu vitaminlər istiliyə, işığa və oksigenə qarşı həssasdır. Dondurulma öncəsi tərəvəzlərə tətbiq edilən qısa müddətli istilik emalı zamanı C vitamininin bir qismi itə bilər. Amma bundan sonra vitamin səviyyəsi sabit qalır. Təzə tərəvəzlər otaq temperaturunda saxlandıqda hər gün C vitamininin müəyyən hissəsini itirir. A, E, K kimi vitaminlər dondurma prosesindən demək olar ki, sabit qalır. Kalium, kalsium, maqnezium kimi minerallar və pəhriz lifləri dondurulma prosesindən ziyan görmür.
Müasir qida sənayesində istifadə olunan tez-dondurma üsulu məhsulun hüceyrə strukturunda böyük buz kristalları əvəzinə mikroskopik kristallar yaradır. Bu da dondurulma açıldıqda məhsulun hüceyrə divarlarının parçalanmasının və şirə itkisinin qarşısını alır.
Marketdə seçim edərkən etiketə diqqət etməliyik. Paketdə yalnız meyvə, ya tərəvəzin öz adının qeyd olunduğundan əmin olmalıyıq. Əlavə olunmuş şəkər, duz, bitki yağları, süni souslar olan paketləri almasaq yaxşıdır . Paketin içindəki məhsulların dənə-dənə hiss olunmasına diqqət etməliyik. Əgər məhsullar bir-birinə yapışaraq buz kütləsinə çevrilibsə, bu zəncirin pozulduğunu, yəni məhsulun əvvəlcə əridiyini və yenidən dondurulduğunu göstərir. Dondurulmuş tərəvəzləri bol suda qaynatmaq əvəzinə buxara, ya az su ilə mikrodalğalı sobada bişirə bilərik. Bu suda həll olunan vitaminlərin suya keçib itməsinin qarşısını alacaq. Dondurulmuş tərəvəzləri birbaşa yeməyə əlavə etmək, bişirmək teksturanın və qida dəyərinin qorunması üçün ən yaxşı üsuldur”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB