“Sevgi və sərhəd balansı qorunmalıdır” - PEDAQOQ

“Sevgi və sərhəd balansı qorunmalıdır” - PEDAQOQ

“Həddindən artıq tələbkar və həddindən artıq sərbəst tərbiyə uşağın gələcəyinə, onun şəxsiyyətinin formalaşmasına və psixologiyasının sağlam olmasına ciddi şəkildə mənfi təsir göstərə bilər”. Bu sözləri SİA-ya açıqlamasında, uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis, Valideyn Məktəbi-nin təsisçisi Aysel Rəsulzadə bildirib.

Onun sözlərinə görə, ona görə də tərbiyədə sevgi və sərhəd balansı mütləq qorunmalıdır: “Hər şeydə olduğu kimi, burada da bu balans əsas şərtdir.

Yəni, həddindən artıq sərt valideyn uşağın qanadlarını qıra bilər, həddindən artıq sərbəst valideyn isə ona düzgün istiqamət verməkdə yanlışlıqlara yol aça bilər. Uşağın ən çox ehtiyac duyduğu şey valideynlərindən həm sevildiyini hiss etmək, həm də həyatın qaydalarını öyrənməkdir. Valideyn bu ikisini balanslı şəkildə təqdim etməlidir.

Məsələn, elə uşaqlar var ki, valideyn onlara daim “daha yaxşı olmalısan” , “səhv etməməlisən” , “ən yaxşı nəticəni göstərməlisən” deyir. Bu uşaqlar zahirdə çox intizamlı, məsuliyyətli və uğurlu görünürlər. Amma mən öz təcrübəmdə də görürəm ki, onların çoxunda uğursuzluq qorxusu var, daim narahatlıq içində olurlar, özlərini başqaları ilə müqayisə edirlər. Yəni kifayət qədər özgüvənə sahib ola bilmirlər. Bu problemlər isə uşağı daxildən sarsıdır.

Digər tərəfdən, bu uşaqlar böyüdükdə qərar verməkdə çətinlik çəkirlər, risk etməkdən qorxurlar və daim başqalarının təsdiqinə ehtiyac duyurlar. Buna görə də sevgi və sərhəd balansı mütləq qorunmalıdır.

Digər tərəfdən isə elə valideynlər var ki, həddindən artıq sərbəstdirlər. Uşağa hər istədiyini verirlər, “inciməsin” , “yox demək olmaz” düşüncəsi ilə davranırlar. Bu zaman uşaq sərhəd anlayışını formalaşdıra bilmir, gözləməyi öyrənmir. Hansısa istəyinə “yox” cavabı veriləndə bunu qəbul edə bilmir, fərqli reaksiyalar göstərir və qaydalara uyğunlaşmaqda çətinlik çəkir. Bu da həm pedaqogikada, həm də psixologiyada yanlış tərbiyə üsulu hesab olunur.

Sevgi və sərhədin balanslı olduğu, yəni demokratik valideynlik modeli daha sağlam yanaşmadır. Bəli, uşaq dinlənilməli, fikrinə hörmət edilməli, sevgini daim hiss etməlidir. Amma bununla yanaşı qaydaları və məsuliyyəti də bilməlidir.

Məsələn, valideyn “səni çox sevirəm” deyirsə, eyni zamanda uşaq yanlış davranış etdikdə “bu davranışın doğru deyil və bunun nəticəsini görməlisən” mesajını da verməlidir. Bu yanaşma uşağın sağlam şəkildə böyüməsinə kömək edir.

Əsas məsələ uşağın özünəinamlı, məsuliyyətli, başqalarına hörmət edən və müstəqil qərar vermə bacarığına sahib bir şəxs kimi yetişməsidir. Bütün bunlar isə sevgi və sərhədin balanslı olduğu ailələrdə böyüyən uşaqlarda formalaşır. Buna görə də nə həddindən artıq tələbkar, nə də həddindən artıq sərbəst valideyn olmaq düzgün yanaşmadır. Tərbiyədə balansı qorumaq uşağın sağlam inkişafı üçün ən vacib şərtlərdən biridir”.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə