Quşçuluq sektorunda istehsal və ixrac imkanları genişlənir

Quşçuluq sektorunda istehsal və ixrac imkanları genişlənir

Azərbaycanda quşçuluq sektoru ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin keyfiyyətli məhsullarla təmin edilməsi və qeyri-neft ixracının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, hazırda ölkəmizdən dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsullar, o cümlədən quşçuluq məhsulları ixrac edilir.

AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, ölkədə süfrə yumurtasına olan daxili tələbat tam təmin edilir və ixrac üçün kifayət qədər istehsal potensialı mövcuddur. Azərbaycan 2024-cü ildə yüksək patogen quş qripindən azad ölkə statusu əldə edib və bu status mütəmadi epizootoloji monitorinqlər nəticəsində qorunub saxlanılır.

AQTA rəsmisi qeyd edib ki, hazırda Azərbaycanda istehsal olunan süfrə yumurtası Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac edilir. Bununla yanaşı, Çin Xalq Respublikasına ixrac ilə bağlı müvafiq razılıq əldə olunub və hazırda texniki hazırlıq işləri görülür.

Dövlət tərəfindən göstərilən dəstək nəticəsində ölkədə quş əti və yumurta istehsalı davamlı şəkildə artır, daxili bazarın tələbatı etibarlı şəkildə ödənilir və quşçuluq sektorunun ixrac potensialı daha da genişlənir.

Bu barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə