Valideynlik hüququndan məhrum edilən şəxs aliment ödəməlidirmi? - VƏKİL AÇIQLADI

Valideynlik hüququndan məhrum edilən şəxs aliment ödəməlidirmi? - VƏKİL AÇIQLADI

Valideynlik hüququndan məhrum edilmə ailə hüququ sahəsində tətbiq olunan ən ciddi hüquqi tədbirlərdən biri hesab edilir. Lakin bir çoxlarını maraqlandıran əsas sual budur: valideyn bu statusunu itirdikdən sonra uşağa qarşı maddi öhdəlikləri də aradan qalxırmı, yoxsa aliment ödəməyə davam etməlidir?

Məsələ ilə bağlı vəkil Fuad Məmmədov SİA-ya açıqlamasında bildirib ki, valideynlik hüququndan məhrum edilmə uşağın saxlanılması ilə bağlı öhdəlikləri aradan qaldırmır:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarından məhrum edilmiş şəxslər uşağın saxlanılması vəzifəsindən azad olunmurlar. Valideyn məhkəmənin qərarı ilə hüquqlarından məhrum edilsə belə, bu, onun aliment ödəmək öhdəliyinə təsir göstərmir. Ata və ya ana qanunvericilikdə müəyyən edilmiş qaydada uşağın saxlanılması üçün aliment ödəməyə davam etməlidir.

Valideynlik hüququndan məhrum edilmiş şəxslər bununla yanaşı, uşaqla qohumluq münasibətlərindən irəli gələn bir sıra hüquqlarını da itirirlər. Belə şəxslər gələcəkdə uşaqlarından maddi təminat tələb edə, uşaqlarla bağlı dövlət müavinətlərini ala, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlana bilməzlər.

Beləliklə, qanunvericiliyə əsasən, valideynlik hüququndan məhrum edilmə aliment öhdəliyini ləğv etmir. Bu qərar yalnız valideynin uşağa münasibətdə malik olduğu hüquqların məhdudlaşdırılması ilə nəticələnir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə