Qışda su içmək niyə azalır və bu nə ilə nəticələnir? - EKSPERT DANIŞDI

"Qış aylarında insanların su içmə vərdişinin azalması çox yayılmış haldır. Bu, təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində də müşahidə olunur. Bu mövsümdə insanların suyu daha az istehlak etməsi normal hesab edilir. Bunun əsas səbəbi soyuq havalarda susuzluq hissinin zəifləməsidir".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti, "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

Onun sözlərinə görə, yay aylarında tərləmə daha çox olduğu üçün orqanizm daha çox maye itirir və suya olan tələbat artır: "Buna görə də insanlar daha çox su qəbul etməyə ehtiyac duyurlar. Qış aylarında isə tərləmə az olduğundan susuzluq hissi zəifləyir və insanlar daha az maye qəbul edirlər.

Qışda su içmənin azalmasının bir neçə əsas səbəbi var. Bunlardan biri soyuq havalarda susuzluq hissinin zəifləməsidir. Digər səbəb isə insanların çay və digər isti içkiləri suyun əvəzi kimi qəbul etmələridir. Bu hal həm qışda, həm də yayda müşahidə oluna bilər. Bundan əlavə, fiziki aktivliyin azalması da su istehlakına təsir göstərir. Adətən fiziki hərəkət çox olduqda suya olan tələbat artır. Hərəkət azaldıqda isə su istehlakı da azalır.

Qapalı və quru mühitdə uzun müddət qalmaq da su istehlakına təsir edən amillərdəndir. Soyuq havalarda orqanizmin su itkisi nisbətən azalsa da, bu, suya ehtiyacın tamamilə aradan qalxması demək deyil. Əslində, qış aylarında da yay aylarında olduğu kimi orqanizm su itirir. Bu itki nəfəsalma, sidik ifrazı və dəridən görünməyən buxarlanma yolu ilə davam edir.

Su az qəbul edildikdə isə bir sıra problemlər yarana bilər. Orqanizmin susuzlaşması, yəni dehidrasiya, halsızlıq, baş ağrısı, yorğunluq və diqqət zəifliyi kimi hallar meydana çıxa bilər. Həmçinin dərinin quruması da artır. Qış aylarında hava daha quru olduğundan su az içildikdə dəri çatlayır, dodaqlar quruyur və qaşınma halları çoxalır.

Buna görə də həm qışda, həm də yayda kifayət qədər su qəbul edilməsi tövsiyə olunur. Orqanizmin suya olan gündəlik tələbatı yaşa, çəkiyə və fiziki aktivliyə uyğun şəkildə qarşılanmalıdır. Su istehlakı sağlam həyat tərzinin vacib tərkib hissəsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə