Yeni ildə əmlak bazarında qiymət artımı davam edəcək? - EKSPERT AÇIQLADI

İllərdir Bakıda daşınmaz əmlak bazarında davamlı qiymət artımları müşahidə olunurdu. Bəzi dövrlərdə bu artım illik 10, hətta 20 faizə qədər yüksəlirdi. Lakin ekspertlərin fikrincə, ötən ilin - yəni 2025-ci ilin ikinci yarısından etibarən bazar yeni mərhələyə keçib və durğunluq açıq şəkildə hiss olunur. Başqa sözlə, uzun illərdən sonra əmlak bazarında artım tendensiyasının dəyişdiyi müşahidə edilir. Bəs, 2026-cı ildə əmlak bazarında qiymət artımı davam edəcək?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, 2025-ci ilin son ayında daşınmaz əmlak bazarında müşahidə olunan vəziyyət əvvəlki illərlə müqayisədə daha zəif oldu:

“Adətən ilin sonuna yaxın bazarda canlanma, xüsusilə də yeni ilə keçid dövründə alqı-satqı əməliyyatlarının və gəlirlərin artması gözlənilirdi. Çünki ilin ilk 11 ayında müştəri sayında artım qeydə alınmışdı və bu tendensiyanın dekabr ayında da davam edəcəyi düşünülürdü. Lakin gözləntilərin əksinə olaraq, dekabr ayı əmlak bazarı üçün olduqca sakit və durğun keçdi.

Bu durğunluq bazarda müəyyən narahatlıqlar yaratdı. Satışların azalması, alıcı aktivliyinin zəifləməsi və bağlanan müqavilələrin sayının aşağı düşməsi onu göstərdi ki, bazarda psixoloji gözləmə mərhələsi başlayıb. Mövcud vəziyyətə əsasən demək olar ki, hazırda təklif tələbi üstələyir. Yəni bazarda satışa çıxarılan mənzillərin və obyektlərin sayı alıcı sayından daha çoxdur. Bu da qiymətlərə birbaşa təsir göstərən əsas amillərdən biridir.

Belə bir şəraitdə qiymətlərin nisbətən aşağı düşməsi ehtimalı yaranır. Əgər yaxın aylarda da bu sakitlik davam edərsə və alıcı aktivliyi artmazsa, satıcılar məcbur qalaraq qiymətlərdə müəyyən endirimlərə gedə bilərlər. Xüsusilə də təcili satışa ehtiyacı olan şəxslər bazara daha uyğun, yəni aşağı qiymətlər təklif etməyə üstünlük verə bilərlər. Bu isə ümumi bazar qiymətlərinin tədricən aşağı enməsinə səbəb ola bilər.

Digər tərəfdən, əvvəlki dövrlərdə müşahidə edilən süni qiymət artımları da bazarın indiki vəziyyətinə təsirsiz ötüşməyib. Alıcının bazarda mövcud olduğunu görən bəzi satıcılar real bazar şərtlərini nəzərə almadan qiymətləri həddindən artıq yüksəltmişdilər. Bu isə alıcıların bir hissəsinin bazardan çəkilməsinə, gözləmə mövqeyi tutmasına səbəb oldu.

Yeni illə bağlı konkret proqnozlar vermək üçün isə hələ tezdir. Bazarda vəziyyətin necə dəyişəcəyini bir çox amillər – iqtisadi durum, alıcılıq qabiliyyəti, kredit şərtləri və ümumi bazar psixologiyası müəyyən edəcək. 2026-cı ildə daşınmaz əmlak bazarında nələrin baş verəcəyini indidən dəqiq demək çətindir. Hazırkı mərhələdə yalnız onu demək olar ki, bazar diqqətlə izlənilməli, həm alıcılar, həm də satıcılar daha ehtiyatlı və real qərarlar verməlidirlər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə