Dörd gündə baş verən yol qəzaları zamanı 8 nəfər həlak olub, 6-sı xəsarət alıb - BDYPİ
Bayram tətilinin son günündə ölkə ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Lakin təəssüf ki, ilin təhvil olduğu və sonrakı 3 gün ərzində ölüm faktı qeydə alınan 6 yol qəzası baş verib və həmin hadisələrin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması və maneəvurma ilə bağlı olub.
Belə ki, Nəsimi və Göyçay rayonlarında qeydə alınan toqquşma, eləcə də Goranboy və Astarada baş verən maneəvurma hadisələri nəticəsində 6 nəfər həlak olub, 5-i isə xəsarət alıb. Paytaxtın Xəzər və Yasamal rayonlarında piyadaların və velosipedçinin vurulması qeydə alınan hadisə nəticəsində isə 2 nəfər həlak olub, 1-i yaralanıb.
SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPI) tətil günlərində yollarda təhlükəsizliyə təhdid olan səbəbləri açıqlayarkən bildirib.
“Hadisələrin başvermə səbəblərinin təhlili göstərir ki, uzaq məsafələrə səfərlərin əsasən gecə saatlarına planlaşdırılması, sürət həddinin aşılması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, eləcə də turizm bölgələrində nəqliyyat sıxlığının artması fonunda sükan arxasında diqqətsiz davranış qəzalara şərait yaradan əsas amillərdəndir.
BDYPİ bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə çağırır”,- deyə məlumatda vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB