Hacıqabul rayonunun Muğan qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlərdən biri Hacıqabul rayonunun böyük qəsəbələrindən sayılan Muğan qəsəbəsində reallaşıb. Bu münasibətlə qəsəbədə içməli su layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, sədrin birinci müavini Xəyyam Məmmədov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, deputat Rafael Hüseynov, Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, bu cür təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd olunub ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində iri layihələr icra olunur və bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin olunmasıdır.
Qeyd olunub ki, Muğan qəsəbəsində 5843 nəfər əhali məskunlaşır. Qəsəbənin günlük su tələbatı 1 200 kubmetr təşkil edir. Kür–Bakı magistral su xəttindən ayrılmış, uzunluğu 5000 metr olan ana xətt və 20 kilometr müxtəlif diametrli daxili şəbəkə vasitəsilə Muğan qəsəbəsində yerləşən 890 fərdi yaşayış evi tam şəkildə içməli su ilə təmin olunub, 890 təsərrüfata birləşmə verilib və bütün abonentlər sayğaclaşdırılıb. Şəbəkənin ümumi uzunluğu 115 kilometr təşkil edir.
Bildirilib ki, Hacıqabul rayonunda 2026-cı ildə tikintisi planlaşdırılan Qubalı, Tağlı, Birinci Udulu, İkinci Udulu, Birinci Paşalı, İkinci Paşalı və Şorbaçı kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə işlər görüləcək. Bu ərazilərin ümumi əhali sayı 7184 nəfərdir. Həmçinin əhalisi 3192 nəfər və 820 təsərrüfatdan ibarət olan Qarasu kəndində də yeni içməli su şəbəkəsinin çəkilişi planlaşdırılır.
Qeyd edək ki, Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində ümumilikdə 11 min 256 abonentə içməli su xidməti göstərir. Rayon ərazisində daxili su şəbəkəsinin uzunluğu 225 kilometrdir. Rayon ərazisində 2500 kubmetr su tutumuna malik bir ədəd su anbarı mövcuddur. Rayonun 30 kəndindən 21-nə içməli su xidməti göstərilir. Şəhərin özündə isə 5905 abonent mövcuddur. İçməli su təchizatı Kür Su Təchizat İdarəsi tərəfindən həyata keçirilir.
Sonda çıxış edən Muğan qəsəbəsinin sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB