“Ölkədə səhiyyə siyasətini formalaşdıran və idarə edən əsas qurum Səhiyyə Nazirliyidir. Yəni, ümumi səhiyyə siyasətinin müəyyənləşdirilməsi, strategiyaların hazırlanması və tənzimləmə funksiyaları bu quruma aiddir. TƏBİB isə tibbi xidmətlərin birbaşa təşkilini həyata keçirən icraçı orqandır". SİA xəbər verir ki, bu fikirləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun 2025-ci ilin yekunlarına dair keçirilən brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
İcraçı direktor bildirib ki, hər iki qurumun səlahiyyətləri funksional baxımdan fərqlidir: “Səhiyyə Nazirliyi necə ki, nəzarət və tənzimləmə funksiyalarını həyata keçirir, TƏBİB də tibbi xidmətlərin göstərilməsinə cavabdeh olan strukturdur. Məhz bu səbəbdən səlahiyyətlərin ayrılması zəruri idi və TƏBİB-in yaradılması da idarəetmədə bu bölgünü təmin etmək məqsədi daşıyıb".
Vüqar Qurbanov vurğulayıb ki, mövcud sistem effektiv şəkildə işləyir: “Ölkədə qərarverici və siyasət formalaşdıran orqan Səhiyyə Nazirliyidir, icraçı və xidmət göstərən tərəf isə TƏBİB-dir. Bu model bu günə qədər özünü doğruldub".
Onun sözlərinə görə, əsas prinsip operator və tənzimləyici funksiyaların bir-birindən ayrılmasıdır: “Operator, yəni tibbi xidmət göstərən qurum daha çevik olmalıdır. İnsan həyatının xilas edilməsi, tibbi xidmətlərin təşkili və operativ qərarların verilməsi bu strukturun əsas vəzifəsidir".
İcraçı direktor qeyd edib ki, Səhiyyə Nazirliyi isə tənzimləyici rolunu icra edir: “Bütün nəzarət və qiymətləndirmə mexanizmləri Səhiyyə Nazirliyinin üzərindədir. Nazirlik ölkə üzrə səhiyyə siyasətini və strategiyasını formalaşdırmalı, göstərilən xidmətlərə nəzarət etməli və onların icrasını qiymətləndirməlidir".
Vüqar Qurbanov əlavə edib ki, bu bölgü tibbi sahədə çevik qərarların qəbulunu təmin edir: “Klinik protokolların tətbiqi, residiv hallar və digər tibbi məsələlər çox spesifik və geniş sahəni əhatə edir. Bu sahədə operativ qərarların verilməsi üçün Səhiyyə Nazirliyinin funksiyası daha çox normativ və nəzarət yönümlü olmalı, TƏBİB isə xidmətin təşkili və vətəndaşla birbaşa təmasda olan struktur kimi fəaliyyət göstərməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB