Milli Məclis elektron siqaretlərin qadağası ilə bağlı layihəni ilk oxunuşda qəbul edib
Milli Məclis elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edən qanun layihəsini ilk oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəddə qeyd edilib ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir.
Belə ki, elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.
Layihədə qeyd edilib ki, qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.
Vurğulanıb ki, qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.
Bildirilib ki, anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.
Eyni zamanda uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, "Reklam haqqında" qanunda müvafiq dəyişikliklər edilir. Buraya "birdəfəlik istifadə üçün elektron siqaret"in və "elektron siqaretlər üçün maye"nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.
Qanun layihəsi qəbul olunacağı halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB