TƏBİB 50 xarici dövlətlə səhiyyə sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri qurub

“2025-ci ildə TƏBİB ümumilikdə 25 beynəlxalq təşkilatla əməkdaşlıq edib. Bu təşkilatlar sırasında səhiyyə və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq şirkət və qurumlar yer alır. Bu əməkdaşlıqlar tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, insan resurslarının inkişafına və səhiyyə infrastrukturunun gücləndirilməsinə yönəlib”.

SİA xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O bildirib ki, TƏBİB-in həm beynəlxalq təşkilatlarla, həm də xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrini daha da möhkəmləndirib:

“Eyni zamanda TƏBİB 50 xarici dövlətlə səhiyyə sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri qurmuş və ya mövcud əməkdaşlığı davam etdirilib. Bu ölkələr sırasında Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Yaponiya, Türkiyə, Koreya Respublikası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İsveçrə, Norveç, Qazaxıstan, Özbəkistan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Ukrayna və digər Avropa və Asiya ölkələri yer alır. Bu geniş coğrafiya TƏBİB-in beynəlxalq səhiyyə platformasında artan rolunu və etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir”.

İcraçı direktor bildirib ki, hesabat dövründə beynəlxalq tərəfdaşlar tərəfindən TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 7 istiqamət üzrə ianə təqdim olunub:

“2025-ci il ərzində TƏBİB tərəfindən 7 Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda beynəlxalq arenada əldə olunan uğurlar barədə də məlumat vermək istəyirəm. Belə ki, TƏBİB və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin nümayəndə heyəti Bolqarıstanda keçirilmiş NATO-nun “20-ci Mülki Fövqəladə Hallara Cavab” təlimində iştirak edib, Qazaxıstanda təşkil olunmuş “Təcili Tibbi Yardım Briqadaları arasında Beynəlxalq Çempionatda” isə Azərbaycan komandası 3-cü yerə layiq görülüb.

“Sana Hospital Group”un 5 fəaliyyət istiqaməti üzrə peşəkar mütəxəssis komandaları Yeni Klinikada xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqların/tədqiqatların keçirilməsi, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramlarının təşkil edilməsi, ISO 9001:2015 beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi məqsədilə təlimlər həyata keçirib.

Nəticə olaraq qeyd etmək istərdim ki, 2025-ci il TƏBİB üçün beynəlxalq əlaqələrin həm coğrafiya, həm də məzmun baxımından genişləndiyi, ölkə səhiyyəsinin beynəlxalq nüfuzunun artdığı bir il olub. Bu istiqamətdə fəaliyyətimiz növbəti ildə də ardıcıl və məqsədyönlü şəkildə davam etdiriləcəkdir”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə