“TƏBİB tərəfindən ana və uşaq sağlamlığı istiqamətində görülən işlər xüsusi nəzarətdə saxlanılıb, il ərzində ağır vəziyyətdə olan hamilə, zahı qadınlar və uşaqlar üçün yerində tibbi yardım göstərilib, konsiliumlar təşkil olunub və yüksək ixtisaslı həkimlərin regionlara ezamı təmin edilərək bir sıra hallarda ana və uşaq ölümlərinin qarşısı alınıb”.
SİA xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib:
“2025-ci il ərzində TƏBİB tabeli tibb müəssisələrində ana ölümü sayı 22 olub, sevindirici haldır ki, 101 kritik ağır hal isə tibb personalının səyi nəticəsində ölümlə nəticələnməyib.
Ana ölümlərinin təhlili göstərir ki, 22 ana ölümündən 16-sı bilavasitə (mamalıq) hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə birbaşa bağlı olan səbəblərdən, 6-sı isə ekstragenital səbəblərdən baş verib. Mamalıq səbəbləri sırasında qanaxmalar, emboliyalar, preeklampsiya və eklampsiyanın fəsadları, sepsis halları üstünlük təşkil edib. Ekstragenital səbəblər arasında anestetik qüsurlar, ürək dayanması, beyinə qansızma, dərman zəhərlənməsi və virus mənşəli vaskulit halları qeydə alınıb”.
İcraçı direktor əlavə edib ki, uşaq ölümlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalaraq 2025-ci ildə 751 olub:
“Uşaq ölümlərinin əsas səbəbləri neonatal dövrdə perinatal dövr üçün xarakterik olan tənəffüs və ürək-damar pozğunluqları, hamiləlik müddəti və dölün böyüməsi ilə bağlı pozğunluqlar, daha yuxarı yaş qruplarında isə qrip və pnevmoniyalar, bağırsaq infeksiyaları, tənəffüs yolları xəstəlikləri, travmalar, termik və kimyəvi yanıqlar, eləcə də virus mənşəli ağırlaşmalar olub.
Komissiyaların fəaliyyəti çərçivəsində ana və uşaq ölümləri, eləcə də ağırlaşmış hallar təhlil olunub, intizam tədbirləri tətbiq edilib və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. Bütün bu görülən işlər ana və uşaq sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və regionlarda əlçatanlığın təmin olunmasına xidmət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB