“Regionlarda tibbi xidmətlərin keyfiyyətini və çeşidini artırmaq məqsədilə “Mentor Klinika” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi paytaxt Bakı şəhərindəki xəstəxanaların növbə yüklərini azaltmaq, pasiyentlərin paytaxta axınının, ixtisaslı həkim çatışmazlığının qarşısını almaq, tibb heyətinin peşəkarlıq səviyyəsini yüksəltmək, regionda tibbi xidmətin çeşidini artırmaq və bunun nəticəsində müəssisələrin maliyyə potensialının gücləndirilməsini təmin etməkdir”.
SİA xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O bildirib ki, “Mentor Klinika” layihəsi çərçivəsində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən 8 seçilmiş aparıcı xəstəxana mentor klinika statusu alıb. Onlar müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərirlər.
V.Qurbanov əlavə edib ki, layihənin uğurla həyata keçirilməsi nəticəsində regionlarda tibbi xidmətlərin keyfiyyəti yüksələcək, xəstəxanaların fəaliyyətində səmərəlilik artırılacaq və vətəndaşlar ixtisaslı tibbi yardımı daha rahat və operativ əldə edəcəklər:
“Layihə çərçivəsində həkimlərin işə qəbul prosesinə start verilib. Həmçinin, Respublika Klinik Xəstəxanası ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanası arasında birgə əməkdaşlığa dair “Əməkdaşlıq Memorandumu” imzalanıb. Bu sənədin imzalanması ilə Respublika Klinik Xəstəxanasının 60 həkimi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında növbəlilik əsasında 1 il ərzində fəaliyyət göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB