“Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər çərçivəsində 4 337 nəfər xəstə qeydiyyata alınıb. Hemodializ xidməti üzrə mövcud vəziyyətə gəldikdə, hazırda respublika üzrə və TƏBİB tabeliyində hemodializ xidmətinin göstərildiyi tibb müəssisələrinin sayı 43, hemodializ şöbələrinin sayı 46, hemodializ aparatlarının sayı isə 675-dir. Cari il ərzində icra olunmuş hemodializ seanslarının ümumi sayı 503 892 təşkil edib”.
SİA xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O qeyd edib ki, cari il ərzində proqram üzrə müxtəlif adda dərman vasitələri, tibbi ləvazimatlar, hemodializ məsrəfləri və hemodializ aparatları təmin edilərək hemodializ mərkəzlərinə paylanıb:
“2025-ci ildə Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli xəstəxanasında xəstələr üçün dializ xidmətlərinə əlçatanlığı artırmaq məqsədilə yeni dializ şöbəsi açılmış, müvafiq dərman və tibbi ləvazimatlar, eləcə də avadanlıqlarla təmin edilib. Beləliklə, Sumqayıt Tibb Mərkəzində dializ şöbələrinin sayı ikiyə çatdırılıb. Gələn il ölkədə daha bir neçə xəstəxanada hemodializ şöbəsinin fəaliyyətə başlaması nəzərdə tutulur”.
İcraçı direktor əlavə edib ki, hazırda Bakı şəhərindəki tibb müəssisələrində, eləcə də Göyçay, Ucar və Gədəbəy rayon mərkəzi xəstəxanalarında müvafiq işlər davam etdirilir:
“2025-ci ildə ilk dəfə olaraq proqram çərçivəsində qeydiyyatda olan 6 vətəndaş avtomatlaşdırılmış peritoneal dializə (APD) cəlb edilib. Əlavə olaraq, Xroniki Böyrək Çatışmazlığı üzrə Dövlət Proqramının icrası məqsədilə ölkə üzrə fəaliyyət göstərən hemodializ mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi davam etdirilib. Bu istiqamətdə aparılan təminat işləri çərçivəsində ümumilikdə 120 ədəd hemodializ aparatı tibb müəssisələrində quraşdırılıb və fəaliyyətinin təmin edilməsi məqsədilə texniki dəstək göstərilib. Verilən avadanlıqlar xəstələrin hemodializ xidmətinə fasiləsiz çıxışının təmin edilməsi, müasir standartlara uyğun dializ müalicəsinin təşkili və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB