Məktəblilər arasında aqressiyanın yaranmasının əsas səbəbi nədir ? - SOSİOLOQ AÇIQLADI
Son günlər məktəblərdə şagirdlər arasında aqressiya halları artmaqdadır. Gəncədə bir məktəblinin qayçı ilə yoldaşına xəsarət yetirməsi, valideynləri narahat edib. Hətta Bakıda başqa məktəblərdən də oxşar şikayətlər gəlir. Bəs bu gənc nəslin aqressiv davranışlarının səbəbi nədir?
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, bunun səbəbini sosiallaşma institutlarında axtarmalıyıq:
“Sosiallaşma institutu ailədən, baxçadan, məktəbdən, ən güclü və təhsil imkanına malik olan sosial media, sosial şəbəkələrdən başlayır. Gəlin baxaq görək, bu sosiallaşma institutlarında uşaq və yeniyetmələrin sosiallaşması üçün nə dərəcə sağlam mühit var.
Bu gün boşanmış ailələrin sayı kifayət qədər çoxdur. Boşanmış və ya münaqişəli ailələrdə böyüyən uşaqlar, şübhəsiz ki, streslə, travma ilə böyüyür və Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə istinad etsək, uşaqların qazandığı travmalar onların bir ömür boyu filogenetik inkişafı boyunca onları müşayiət edir. Bu aqressiya iki səviyyədə üzə çıxır: introversiya səviyyəsində və ekstroversiya səviyyəsində.
İntroversiya – yəni aqressiyanı öz daxilinə yönəldir, özünü əzab verir, daxili fəsadlar yaranır. Ekstroversiya – aqressiyanı ətrafdakılara yönəldir: dostlara, yoldaşlara, ətrafa qarşı. Yəni, ailə mühiti nə qədər psixoloji baxımdan sağlam deyilsə, demək ki, orada uşaqlar travma ilə böyüyür və bu, natamamlıq kompleksi ilə digər uşaqlara yönəlir. Digər məsələ – bağçalarda, məktəblərdə əgər uşaq bullinqə məruz qalırsa, o da travma yaşayır və aqressiv davranışlara səbəb olur. Sosial şəbəkələrdə uşaqlar aqressiv oyunlara baxırlar, hansı ki, uşaqlarda aqressivliyi artırır. Eyni zamanda sosial şəbəkələrdə cinayət aləmi insanları qəhrəmanlaşdırılır, kumir kimi təqdim olunur.
Biz kontent analiz aparanda görürük ki, mətbuatda sarı informasiyalar, hüquqazidd, əxlaqa zidd paylaşımlar, cinayətkarların manşetə çıxması halları çoxdur.
Gəncləri aqressiv edən bu toksik mühitdir. Bu mühitdə sosial anomiyalar formalaşır. Onlardan biri də uşaq və yeniyetmələrdə aqressiv davranışlardır. Əgər istəyiriksə ki, gələcəyimiz olan uşaqlar sağlam olsun, sosiallaşma mühiti sağlam olmalıdır. Biz bu istiqamətdə düşünməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB