Əfv qərarları hər zaman humanizm, ədalət və sosial məsuliyyət anlayışları ilə əlaqələndirilir və insanların bu mövzuya münasibəti fərqli olur. Bəziləri bunu məhkumlara ikinci şans verilməsi kimi dəyərləndirir, digərləri isə əfv meyarları və nəticələri ilə bağlı suallar səsləndirir.
Cəmiyyətdə əfv aktının hüquqi, sosial və mənəvi tərəfləri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu qərarın məhkumların taleyinə, onların ailələrinə və ümumilikdə ictimai həyata necə təsir göstərəcəyi maraq doğurur. İnsanların əfv anlayışına yanaşması şəxsi təcrübə və baxış bucağından asılı olaraq dəyişir.
SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Gülər Əhmədova: “Əfv haqqında sərəncamı çox müsbət və vaxtında verilmiş qərar hesab edirəm. Hazırda həbsxanalarda kifayət qədər insan var və onların hamısını eyni cür qiymətləndirmək düzgün olmaz. Çünki orada ağır cinayət törədənlərlə yanaşı, müxtəlif səbəblərdən, hətta bəzən haqsız yerə məhkum olunmuş şəxslər də var. Belə halların mövcudluğunu hər kəs bilir. İstərdim ki, məhz bu kateqoriyadan olan insanlara daha çox diqqət ayrılsın. Əfv aktlarının hər il verilməsi isə cəmiyyət üçün çox müsbət olardı. Çünki hər bir məhkumun arxasında ailəsi, valideynləri, övladları dayanır. Bu qərar onların üzündə sevinc, qəlbində ümid yaradır”.

Şəhər sakini Elxan Zalxaraqanlı: “Əfv aktını ümumilikdə çox müsbət qarşılayıram. İnsan faktoru hər zaman nəzərə alınmalıdır. Hər kəs həyatında səhv edə bilər, vacib olan odur ki, həmin səhvdən nəticə çıxarılsın. Əfv insanlara özlərini düzəltmək, cəmiyyətə faydalı üzv kimi qayıtmaq üçün bir fürsət yaradır. Bu qərar təkcə məhkumların deyil, onların ailələrinin də illərlə gözlədiyi ümiddir. Əfv bir növ insanlara yenidən inanmaq mesajıdır”.

Şəhər sakini Cəmil İsmayılov: “Amnistiya və əfv aktları hər zaman cəmiyyətdə müsbət qarşılanıb. Mən arzu edərdim ki, bu cür qərarlar daha geniş şəkildə tətbiq edilsin və daha çox məhkum bu imkandan yararlansın. Bu, cəmiyyət daxilində həmrəylik, qarşılıqlı anlaşma və humanizm dəyərlərini gücləndirir. Dövlətin belə addımlar atması insanların sabaha olan inamını artırır. Əlbəttə, ən ideal variant insanların cinayət törətməməsidir, amma səhv edənlər üçün də bir çıxış yolunun olması vacibdir”.

Şəhər sakini Fuad Qurbanoğlu: “Əfv gününü səbirsizliklə gözləyən məhkumların sayı az deyil. Çünki bəziləri düşünülməmiş bir addım üzündən, bəziləri təsadüf nəticəsində, bəziləri isə sadəcə olaraq uyğun olmayan yerdə və vaxtda olduqları üçün azadlıqlarını itiriblər. Bu baxımdan əfv aktı minlərlə ailə üçün böyük sevinc mənbəyidir. İnsanlar illərdir həsrətində olduqları yaxınlarına qovuşur. Bu, cəmiyyətdə də müsbət ovqat yaradır və insanlara gələcəyə ümid verir”.

Şəhər sakini Züleyxa Əşrəfova: “Mənim fikrimcə, əfv aktı daha çox ağır cinayətlər törətməyən, ehtiyatsızlıq və ya kiçik xətalar səbəbindən məhkum edilmiş şəxslərə şamil edilməlidir. Belə insanlar azadlığa çıxdıqdan sonra cəmiyyətə yenidən uyğunlaşa, normal həyatlarını davam etdirə bilərlər. Əfv selektiv olmalıdır, yəni hər kəsə yox, layiq olanlara şamil edilməsi daha ədalətli olar. Bu həm cəmiyyətin təhlükəsizliyi, həm də humanist yanaşma baxımından vacibdir”.

Şəhər sakini Teymur Məmmədov: “Əfv aktı dövlətin apardığı humanist siyasətin açıq göstəricisidir. İnsanlara ikinci şans vermək cəmiyyətin sağlamlığı üçün vacibdir. Əgər bir insan səhvini anlayıb peşman olubsa və gələcəkdə qanunlara riayət edəcəyini dərk edirsə, ona yenidən həyata başlamaq imkanı verilməlidir. Bu, təkcə məhkumların deyil, onların ailələrinin də sosial və psixoloji durumuna müsbət təsir göstərir. Belə qərarlar cəmiyyətdə inam və ədalət hissini gücləndirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB