"Şadlıq saraylarında istehlakçı hüquqlarının pozulması cəmiyyətdə etimadı sarsıdır" -ŞƏRH EDİLDİ

"Bakıda şadlıq sarayları ilə bağlı artan narazılıqlar təkcə ayrı-ayrı istehlakçı problemləri kimi deyil, daha geniş sosial münasibətlər kontekstində dəyərləndirilməlidir. Burada əsas məsələ vətəndaşla xidmət göstərən obyekt arasında qarşılıqlı etimadın pozulmasıdır". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq, sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, şadlıq sarayları ailələrin ən həssas və məsuliyyətli günlərində müraciət etdikləri məkanlar olduğu üçün bu sahədə yaranan hər hansı aldatma və ya keyfiyyətsiz xidmət cəmiyyətdə daha ciddi narahatlıq doğurur: "Sosioloji baxımdan bu problemlərin əsas səbəblərindən biri istehlakçı mədəniyyətinin hələ tam formalaşmamasıdır. Bir çox hallarda vətəndaşlar müqavilə şərtlərinə diqqət yetirmir, xidmətin keyfiyyəti ilə bağlı əvvəlcədən yazılı təminat tələb etmir. Digər tərəfdən, bəzi sahibkarlar bu boşluqdan istifadə edərək razılaşdırılmış menyudan kənara çıxır, qida keyfiyyətinə və gigiyena normalarına lazımi səviyyədə əməl etmirlər. Bu isə sağlamlıq riskləri ilə yanaşı, sosial ədalət anlayışına da zərbə vurur. Problemin sistemli xarakter almasının digər səbəbi nəzarət mexanizmlərinin yetərincə effektiv olmamasıdır. Dövlət qurumlarının mövcud olması kifayət etmir, əsas məsələ ictimai nəzarətin və operativ reaksiya mexanizmlərinin gücləndirilməsidir. İnsanlar hüquqlarının pozulduğunu gördükdə şikayət etməkdən çəkinməməli, eyni zamanda cəmiyyət olaraq bu cür hallara qarşı dözümsüz münasibət formalaşdırılmalıdır. Əks halda, xidmət sektorunda məsuliyyətsizlik normal bir praktikaya çevrilir.

Şadlıq saraylarında qida ilə bağlı yaşanan problemlər yalnız kommersiya məsələsi deyil, bu, cəmiyyətin etik normaları, hüquq mədəniyyəti və sosial məsuliyyət səviyyəsi ilə birbaşa bağlıdır. İstehlakçı hüquqlarının qorunması həm dövlətin, həm sahibkarın, həm də vətəndaşın ortaq məsuliyyəti kimi qəbul edilməlidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə