Bina yanğınlarında insan itkisi: Səbəb nədir və bundan necə qaçmaq olar? - ANALİZ
Son vaxtlar Bakının müxtəlif yerlərində yerləşən binalarda baş vermiş yanğınlar mediada və ictimaiyyət arasında müzakirə olunur. Xüsusən də, bu hadisələrin bəzisində ölüm hallarının olması, bəzilərində isə olmaması halları daha çox müzakirəyə səbəb olub. Bəs bu kimi halların baş vermə səbəbi nədədir və necə qarşısını almaq olar? Xüsusən də, belə qəzalar nəticəsində insan itkilərinin olmaması üçün nə etmək lazımdır?
Hadisələrin səbəbləri ilə bağlı müvafiq orqanlar araşdırma aparır və tezliklə bütün detallar məlum olacaq. Lakin ilkin məlumatlardan bəzi qənaətlər əldə etmək mümkündür.
Məlum olduğu kimi, binalar müxtəlif formalarda idarə olunur. Bəziləri binalara xidmət edən ixtisaslaşmış şirkətlər- MMC-lər tərəfindən, bəziləri isə sakinlərin özlərinin yaratdığı MMMC-lər (Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti), bəziləri isə binanı tikən MTK-lar tərəfindən idarə olunur.
Mətbuatda və sosial şəbəkələrdə yayılmış məlumatlara və sakinlərin rəylərinə əsasən, aydın olur ki, bu idarəedicilərin çox böyük əksəriyyəti binaların təhlükəsizlik sistemlərini normativlərə uyğun təmin etmir və elektrik, qaz kimi təhlükəli təchizatların standartlara uyğun şəkildə istifadəsinə nəzarət etmirlər.
Təəssüf ki, şaxtaların, hava kanallarının dövri qaydada təmizlənməsi, elektrik xətləri və qurğuları, həmçinin qazpaylayıcı qurğularla davranış və onların mütamadi nəzarətdə saxlanması təmin olunmur. Sakinlər də bu məsələlərə biganə yanaşdığından özlərinin və ailələrinin nə dərəcədə təhlükədə olduğunu bilmir və ya bildiyi halda məsuliyyətsiz yanaşırlar.
Son dövlərdə baş vermiş qəzaların xarakterinə baxdıqda, aydın olur ki, bu qaydalara riayət edilən binalarda ciddi qəzalar baş vermir və hər hansı bir qəza baş verdikdə belə insan itkisi olmur. Bakıda son 1 ay ərzində baş vermiş 2 bina yanğınını müqayisəli təhlil etsək görərik ki, insan itkisinin əsas səbəbi binaların idarəediciləri və sakinlər tərəfindən edilən məsuliyyətsizlikdir.
Bu binaların birində insan itkisi olub, digərində isə olmayıb. İndi fərqin nədə olduğuna baxaq.
Montin qəsəbəsi, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın binanın elektrik xəttindəki nasazlıq səbəbindən baş verib. Yanğın 6-cı mərtəbədə başlayıb və yuxarı doğru yayılmağa başlayıb. FHN-in operativ müdaxiləsi nəticəsində yanğının qarşısı tez müddətdə alınıb və binada qalan sakinlər təxliyyə olunub. Heç bir insan itkisi və yaralanma halı baş verməyib. Sakinlərin bildirdiyinə, binada təhlükəsizlik qaydalarına riayət normal səviyyədə olub, nəticədə heç bir canlı itki olmayıb.

Yasamalda Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğının isə təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verdiyi aydın görünür. Yanğının binanın elektrik şaxtasında baş verdiyi bildirilib. Elektrik xətlərində baş vermiş gərginliyin nəticəsində yanğın və güclü tüstü yaranıb. Binanın bir hissəsində tüstü çox kəksin şəkildə olub, çünki hava vuran pompa işləməyib və tüstü bacadan xaric ola bilmədiyinə görə, bina daxilinə yayılıb, nəticədə 3 nəfər tüstüdən boğulub. Üstəlik, böyük ehtimalla xətlərdə elektrik gərginliyi normadan artıq olub ki, yanğın baş verib. Hər bir halda, aydın olur ki, nə binanı idarə edən MMMC, nə də sakinlər bu məsələlərə diqqət etməyiblər. Nəticə də faciəvi olub.
FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, polkovnik Cəmil Xudiyev Baku TV-də yayımlanan verilişdə qeyd edib ki, həmin binada aparılmış yoxlama zamanı elektrik təsərrüfatı, havalandırma sistemi, avtomatik yanğın söndürmə və siqnalizasiya sistemlərində ciddi nöqsanlar aşkar olunub və binanı idarə edən MMMC-yə bu problemlərlərin aradan qaldırılması ilə bağlı tələbnamə verilib. Hətta bu pozuntulara görə MMMC-nin rəhbəri (yanğında həlak olub- red.) inzibati məsuliyyətə belə cəlb olunubmuş. Lakin təəssüf ki, yenə də bu problemlərin aradan qaldırılması üçün MMMC tərəfindən heç bir iş görülməyib.
Göründüyü kimi, insan itkisindən qaçmaq mümkün imiş. Əvvəldə qeyd etdiyimiz (Montindəki) binada bu mümkün olub. Çünki, yayılan məlumatlara əsasən, bu binada təhlükəsizlik qaydalarına düzgün əməl olunub, elektrik şaxtasındakı tüstü qovucu pompa işlək olub, elektrik şaxtası FHN-nin tələblərinə 90 faiz uyğun olub.
Göründüyü kimi, təhlükəsizlik qaydaları boş yerə qoyulmayıb və onlara riayət ediləndə ölüm halları baş vermir. Deməli, binanı idarə edən qurumun və ya bina sakinlərinin məsuliyyətsizliyi, diqqətsizliyi insan itkisinə səbəb ola bilir. Bu səbəbdən də çoxmərtəbəli binaların sakinləri bu məsələlərə nəzarət etməli, binanı idarə edən təşkilatlardan təhlükəsizlik qaydalarını tam təmin etməyi tələb etməlidirlər. Şübhə yaranarsa, bina sakinləri FHN, Azərişıq və Azəriqaz tərəfindən yoxlamalarının keçirilməsini öz MTK-larından, MMC-lərindən və ya MMMC-lərindən tələb etməlidirlər.
Binaların idarə edilməsi çox böyük diqqət və məsuliyyət tələb edir. Buna görə də, bu məsələdə səhlənkarlığa, məsuliyyətsizliyə yol vermək olmaz. Hər bir sakinin bu məsələlərə nəzarət etmək hüququ ilə yanaşı, vəzifə borcunun da olduğunu düşünmək olar. Tələbkarlıq, diqqətlilik və vətəndaş məsuliyyəti olduqda insan itkiləri ilə nəticələnən faciəvi hadisələrin də baş verməsinə şərait yaranmaz.
Müvafiq dövlət orqanlarının binaların təhlükəsizliyi ilə bağlı konkret tələbləri- standartlar və normativlər var və onlara mütləq qaydada riayət olunmalıdır. Bu halda insan itkiləri ilə nəticələnən faciələrdən yayınmaq olar.
Bu iki hadisəni vətəndaşlar və yaşayış binalarına nəzarət edən təşkilatlar nəzərə alaraq elektrik şaxtasındakı FHN-nin tələblərini qulaq ardına vurmamalı və gələcəkdə insan itkilərindən qaçmaq üçün lazımı tədbirləri həyata keçirməyə başlamalıdırlar.
Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB