Toy məclisləri hansı çərçivədə olmalıdır ? - SORĞU

Son illər toy və məclislərin keçirilmə forması cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Xüsusilə də toyların getdikcə daha dəbdəbəli, xərcli və rəqabət xarakterli hal alması bir çox ailələr üçün ciddi maddi və psixoloji yükə çevrilib. Bəzən elə təsəvvür yaranır ki, toylar artıq ailə qurmaq mərasimindən çox, kiminsə kimdən üstün olduğunu göstərmək yarışına bənzəyir. Bu tendensiya həm ailə büdcələrinə təsir edir, həm də cəmiyyətdə sosial təzyiq yaradır. Bir tərəfdən “ayıb olmasın” düşüncəsi, digər tərəfdən isə ictimai gözləntilər toyların ölçüsüz şəkildə böyüməsinə səbəb olur. Bu isə sual doğurur: toylar hansı çərçivədə, necə və hansı dəyərlər əsasında keçirilməlidir?

SİA-ya bu mövzu ilə bağlı şəhər sakinlərinin fikrlərini öyrənib.

Şəhər sakini Kamil Əliyev:

"Sadə toy daha yaxşıdır, nəinki dəbdəbəli toylar. Hazırkı insanların maddi durumu, həyat şəraiti nəzərə alınaraq toy məclisləri daha kiçik formada qeyd olunmalıdır. Sadə toyları xoşlayıram. İnsan var ki, yemək üçün yaşayır. İnsan var ki, yaşamaq üçün yeyir. Biz çalışaq ki, yaşamaq üçün yeyənlərdən olaq. Hər şeyə yalnız yemək prizmasından yanaşmaq doğru deyil. Ona görə sadəlik olsun, amma günün tələblərinə uyğun şəkildə təşkil edilsin. Fərdlər, toyu edənlər, şəxslər arasında riyakarlıq, özünü göstərmək yarışları olmasın. Toy xoş üslubda təşkil olunarsa, bu daha gözəl, daha yaxşı olar və insanlar arasında da daha sağlam münasibətlər formalaşar".

Şəhər sakini Azər Şamilov:

"Xalq olaraq, indi bu bizim adət-ənənəmizdir. Bir neçə əsr bundan qabaq belə toylara, dəbdəbəli toy eləməyə bu qədər önəm vermişik. Amma ki, hazırda təbəqələşmə gedir. İmkanlı insanlar hansı yolla da olsa öz övladlarına o toyu eləyirlər. Heç vaxt görməyəcəyimiz məbləğdə onlar pul xərcləyirlər. Bizim cəmiyyətimizdə də yenə imkanlılar onu edirlər. Amma ki, o imkanı olmayan təbəqələrə, insanlara, ailələrə məsləhət görərdim ki, o toya çəkdikləri xərcləri hansısa bir kiçik biznesə yönəltsələr, daha məntiqli olar. Nəinki o dəbdəbəli… Elə ailələr var ki, dəbdəbəli toy eləyir, sonra borca düşür, daha sonra isə problemlər yaşayır. Əsas xoşbəxtlikdir, insanların bir-birini anlamasıdır. Yoxsa o dəbdəbəli toylar onların heç biri mənim üçün önəm daşımır".

Şəhər sakini Lalə İbazova: "Mənə elə gəlir ki, dəb-dəbəli toylara güc , vaxt sərf etməkdənsə, daha çox gənclərin arasında olan münasibətlərə fikir yönəldilməlidir. Bu yarışların arasında, həqiqətən, ən vacib məqamlar – əsl münasibətlər, sağlam münasibətlərin təməli kölgə altında qalır. Ona görə düşünürəm ki, bu bir yarış olmamalıdır. Bu, gələcək ailənin təməli qoyulan, ailənin ilk addımlarında dəstək olan bir proses olmalıdır. Ona görə düşünürəm ki, bu daha sadə keçməlidir, və ən yaxın insanların yanında. Əfsuslar olsun ki, bəzən heç tanımadığımız insanları görürük toylarda, şəkillərdə. Bir də baxırıq ki, bu kimdir? Heç tanıya bilmirik. Və bu, sonradan heç bir məna da kəsb etmir bizim üçün. Gücü, enerjini sərf etməliyik gənclərin münasibətinin təməlini möhkəmləndirməyə".

Şəhər sakini Cavidan Yasinov: "Məncə sadə toylar daha yaxşı olar. Çox israf olur, insanlar bir-birilə yarış içərisindədir. Sonra da o borcun altına girirlər, amma borcdan çıxa bilmirlər. Məncə sadə toylar yaxşıdır. Həm yadda qalan olur, həm də insanlar üçün yaxşıdır. Çünki dəbdəbəli toylarda çox və artıq xərclər olur. O çəkdikləri xərci yaxşı şeylərə xərcləyə bilərlər. Başqa gözəl şeylərə xərcləyə bilərlər.

Şəhər sakini Tanrıverdi Mustafayev: "Ən gözəli sadə toydur. İmkanı nəyə çatır, onu etmək lazımdır. Dəbdəbəli də yaxşıdır, əgər toy edən şəxsin imkanı varsa, qoy dəbdəbəli eləsin. Təki ki, həmişə toy olsun. Amma mən həmişə sadəliyin tərəfdarıyam. Həmişə qənaətcil olmağın tərəfdarıyam. Gələcək nəsli də ona yönəltmək lazımdır ki, zəhmətlə, əziyyətlə qazandığını israfçılığa verməsin. Qənaətlə istifadə eləsin. Mən özüm Qərbi Azərbaycandanam. İnşallah, oralara yenidən qayıdacıq və o toyları orada edəcəyik. Toylar orada olurdu, kənd yerlərində olurdu. Bir həftə toydan əvvəl, bir həftə toydan sonra bütün kənd əhli yığışırdı. Çox şən toy keçirdirdilər, sadə toy keçirdirdilər, milli musiqilərlə toy keçirdirdilər və o adət-ənənələrimizə geri dönməliyik".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə